İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir və keçmiş köçkünlər öz dədə-baba yurdlarına qayıdır və bu proses davam edəcək

İşğaldan azad olunmuş  ərazilərdə bərpa-quruculuq  işləri davam etdirilir və keçmiş köçkünlər öz dədə-baba yurdlarına qayıdır və bu proses davam edəcək Prezident İlham Əliyev 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. İşğaldan azad olunmuş torpaqlarımızda dördüncü dəfə idi ki, bayram tonqalı qalanırdı. İlk dəfə 2021-ci ildə Şuşada, daha sonra 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, bu il isə Xankəndidə bayram tonqalı qalandı.
Prezident İlham Əliyev Azərbaycan xalqının İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı göstərdiyi qəhrəmanlıqdan danışdı. Şəhidlərimiz, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı nəticəsində biz bu torpaqlara qayıda bilmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ermənistan İkinci Qarabağ müharisinin nəticələrindən üç il ərzində dərs çıxarmadı. Öz qanunsuz silahlı birləşmələrini torpaqlarımızda saxlamaq istəyirdi. Bu səbəbdən Azərbaycan antiterror əməliyyatı keçirdi. Altı ay əvvəl cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Uğurla keçirilmiş bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan heç vaxt öz yolundan dönməyəcək.
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir və keçmiş köçkünlər öz dədə-baba yurdlarına qayıdır və bu proses davam edəcək.
Azərbaycan torpaqların azad olunmasına iyirmi il ərzində hazırlaşmış, ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Bir çox istiqamətdə işlər planlı şəkildə görülmüşdür. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndirilmişdir. Güclü iqtisadiyyatımızın olması bizə müstəqil siyasət yeritməyimizə imkan verdi.
İlham Əliyev vətənpərvərlik ruhunda yetişdirilən gənclərimizdən danışdı. Xalqımız üçün əbədi qürur mənbəyinə çevrilən həmin gənclər bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirdi. İşğalda olan torpaqlarımızı azad etmək üçün gənclərimiz ölümə getməyə hazır idilər və ölümə gedirdilər.
İkinci Qarabağ müharibəsi ilə biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq. Biz təkcə ərazi bütövlüyümüzü, beynəlxalq hüququ deyil, həm də milli ləyaqətimizi bərpa etdik. Bu gün azad xalq kimi qürurla yaşayırıq və bu ərazilərdə əbədi yaşayacağıq.
İşğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlanır. Bu, qələbəmizin növbəti rəmzidir.
Biz hamımız fəxr edirik ki, torpaqlarımızı işğalçılardan azad etdik, ədaləti özümüz bərpa etdik və bütün dünyaya gücümüzü göstərdik.
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Babayeva

Oxşar xəbərlər