Novruz insanları tam güclü oyanışa, sülhə, dostluğa , birliyə aparan sevgi dolu, nur dolu bir bayramdır

Novruz insanları tam güclü oyanışa, sülhə, dostluğa , birliyə aparan sevgi dolu, nur dolu bir bayramdır Novruz bayramı Yeni Gün bayramı, Bahar bayramı kimi adlanaraq yazın gəlişini əks etdirən qədim xalq bayramıdır.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs kimi siyahıya daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assembleyasının 64-cü sesiyasının iclasında mart ayının 21-i, Beynəlxalq Novruz günü elan edilmişdir.
Hər il bu Novruzu sevə-sevə bayram edirik. Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib.
İllərlə din xadimləri bu bayrama dini libas geyindirməyə cəhd göstərsələr də Novruzda keçirilən mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyil. Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğu təsdiq olunmuşdur.
Dörd ünsür olan su, od, yel, torpaq çərşənbələrinin timsalında baharın saflıq, istilik, sərinlik və bərəkətliliyinin simvolizə olunduğu bir ardıcıllığın olduğunu görürük.
Novruz papaq atmaq, tonqaldan tullanmaq, üzük falı, qulaq falı, səməni cücərtmək, yumurta döyüşdürmək, novruz şirniyyatları hazırlamaq kimi adətləri ilə gözəldir.
Novruz bayramının əsas simvolu tonqaldır, alovdur. Azərbaycan dünyada odlar diyarıdır. Hər il bu tonqallar Azərbaycanın müxtəlif ərazilərində yandırılsa da Şuşa və başqa işğal olunmuş ərazilərdə alovlanmırdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu gün Novruz bayramı mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunur.
Baharın gəlişi nəhayət ki, Şuşaya da çal-çağır gətirdi. Yandırılan Novruz tonqalı başdan başa Qarabağ torpağını işıqlandırdı.
Novruz insanları tam güclü oyanışa, sülhə, dostluğa , birliyə aparan sevgi dolu, nur dolu bir bayramdır. Sülh, əmin-amanlıq, sevgi bərqərar olan bir dünyada yaşamaq ümidi ilə bayramınız mübarək.

Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Törə Rəhimova

Oxşar xəbərlər