
M.Əliyevin dosyesini təqdim edirik:
Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
2012–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini təyin edilib.
2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.
9 dekabr 2023-cü il tarixində prezidentiin sərəncamı ilə hərbi geyim forması daşımaq hüquqi verilməklə istefaya buraxılıb.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı Adil Əliyev Məhərrəm Əliyevin qardaşıdır.
24 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə, 25 iyun 2013-cü ildə "Vətən uğrunda" medalı ilə, 24 iyun 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
19 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.