Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı
Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir.
Prezident İlham Əliyevin adı inkişaf və sabitliklə assosiasiya olunur.
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu möhtəşəm uğurun nəticəsi olaraq Zəfər Paradının keçirilməsi bir daha güclü ölkəmizin qalibiyyətini əks etdirdi. Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova

Oxşar xəbərlər