Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu

Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu
İki il bundan öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı tarixə əbədi həkk edilən hadisədir. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.
Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər hərb tariximizə qızıl hərflərlə yazıldı: “...Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi - Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq...”
Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir.
O gün yadda qalanlardan biri də müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qisminin nümayiş etdirilməsi idi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər yekunlaşıb: açıq səma altında nadir park salınıb. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu zəfər xalqın qürur mənbəyinə çevrildi, çünki həm də ölkədəki bütün siyasi qüvvələri birləşdirdi. 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrinin sitat gətirilməsi də bir daha təsdiqlədi ki, ölkədə siyasi baxışlarından asılı olmayaraq, xalq-hakimiyyət birliyi monolitdir. Bu da Azərbaycanın ədalətli mövqe tutmasını təsdiqləyən faktorlardandır.
Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli, eyni zamanda ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə idi. Azərbaycan hər zaman humanistlik nümayiş etdirib. Bu səbəbdən də beynəlxalq səylərinə baxmayaraq, münaqişənin sülh danışıqları yolu ilə həllinə nail olmağa çalışsa da, Ermənistanın öz təcavüzkar mövqeyi ucbatından məsələnin həlli uzadılırdı. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tribunalarda daim qeyd edirdi ki, “bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq”. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.
Dövlət başçısı müharibəni ən son variant kimi görürdü. Ona görə də ötən illər ərzində ordu quruculuğu xüsusilə diqqət mərkəzində saxlandı. Ali Baş Komandan İlham Əliyev bu illər ərzində Ermənistan rəhbərliyinə qoşunlarının Dağlıq Qarabağdan öz istəyi ilə olmasa, hərbi yolla çıxarılacağını dəfələrlə bildirmişdi. Ermənistanın təxribatçı addımları isə artıq müharibəni qaçılmaz etmiş, danışıqlara son qoymuşdu. Beləliklə, Ermənistanın 27 sentyabrdakı sonuncu təxribatı danışıqları tamamilə dayandırmışdı.
Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan Zəfər yürüşünə başladı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikasi, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu qısaltdı.
Əsasını Heydər Əliyevin qoyduğu ordu quruculuğumuz Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə bu dövr ərzində inkişaf etdirilmiş, muasir standartlara cavab verən silahlar və artilleriya, eyni zamanda müxtəlif tip qoşun növləri ilə düşmən ordusunun önünə çıxmışdı. Əsgər və zabitlərimiz 44 gün ərzində Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu və aşılmaz hesab etdiyi istehkamları yararaq keçdi.
Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi. Şanlı Ordumuz məhz belə mürəkkəb amillərin mövcud olduğu bir şəraitdə parlaq qələbə qazandı. Prezident İlham Əliyevin təbirincə desək, “bizim “Dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi”.
Nəhayət, 10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı kapitulyasiya aktına imza atdı. 44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi: işğala son qoydu. Bununla da tarixi ədalət bərpa edildi. Bu, tairixi zəfərdir.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Ofelya Əliyeva


Oxşar xəbərlər