Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir

Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir
Ulu öndər Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Ulu öndər Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmışdır. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu öndər Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991- 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Ulu öndər Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.
Ulu öndər Heydər Əliyev bu dövrdə əhalini döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Ulu öndər Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Dövlət idarəçiliyində yüksək səviyyəli Prezident – parlament münasibətlərini özündə ehtiva edən Ulu öndər Heydər Əliyev ideyalarından bəhrələnən Azərbaycan bu gün uğurları ilə dünyanı heyrətləndirir. Bu nailiyyətlərin qazanılmasına ölkə parlamenti də öz layiqli töhfəsini verməkdədir.
Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı ümummilli lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Bu gün ordumuz döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə, sözün əsl mənasında, fəxr edir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz davam edən bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hal-hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Məlumdur ki, hər bir ordunun qüdrəti - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də orduda ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur.Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır
Hakimiyyətdə olduğu sonraki on il ərzində Azərbaycan respublikasında güçlü inkşaf başlandı. Bütün sahələrdə canlanma hiss olundu. Millət asudə nəfəs aldı. Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevə daima yüksək qiymət vermiş və verməkdədir. Ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında qalacaqdır.


Zabrat qəsəbəsi, 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər