Ermənistan Azərbaycan xalqına məxsus tarixi – dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb

Ermənistan Azərbaycan xalqına məxsus tarixi – dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb
Vandalizm - bilərəkdən və ya kortəbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi deməkdir. Tarixdən də hər birimizə məlumdur ki, vandalizm həm də özündən əvvəlki izləri silməkdir. Ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş amansızlıqlar vandalizmin əyani sübutudur. Sual oluna bilər ki, işğal etdikləri ərazilərdə quruculuq işləri görmək, bu torpaqları yeni yaşam ərazisi halına gətirmək yerinə bu qədər dağıntılar törətmək nə üçün lazım idi? Bunun iki cavabı var:
Birincisi, bu torpaqlardan Azərbaycan türklərinə aid olan izləri silib yox etmək.
İkincisi isə heç bir zaman onlara aid olmayan torpaqların öz gerçək sahibləri tərəfindən bir gün azad edilib geri qaytarılacağını bilmələri ilə bağlı idi.
Erməni vandalizminin izləri 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayəti və onun ətraf rayonlarında görülməkdədir.
Ermənistan Azərbaycan xalqına məxsus tarixi – dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılmış və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilmişdir. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Məscidlərimizdə mal – qara və digər heyvanların saxlanılması faktı həm Qərb ölkələrinin fotomüxbirləri tərəfindən, həm də işğaldan azad edilmiş ərazilərdə əsgərlərimiz tərəfindən lentə alınmış görüntülərlə bütün dünya ictimaiyyətinə təqdim edilmişdir. Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məcsidlər, abidələr dağıdılıb. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilib. İlk İnsan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Xocalı, Ağdam, Ağdərə, Fizuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş ərazilərdəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər dağıdılmış, Qafqaz Albaniyasına məxsus abidələrin bir qismi məhv edilmiş, bir qisminin isə erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilmişdir. Bunlara misal olaraq, Gəncəsər Monastr kompleksi, Xudavəng Monastr kompleksi, Qutlu Musa türbəsi və s göstərmək olar.
Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənət muzeyi, Qarabağ dövlət tarix muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Pənahəli xanın imarəti, Şahbulaq sarayı, Ağdam Çay evi, Çörək muzeyi, Sarı Aşığın məbqərəsi, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Qarğabazar karvansarası, Həmzə Soltan sarayı, Şıxlar türbəsi, Xudafərin körpüsü və s. yüzlərlə tarixi memarlıq abidəsi,mədəniyyət ocaqları, talan edilmiş, müqəddəs məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Sadəcə UNESCO – nun müdaxiləsi nəticəsində Şuşada Yuxarı Gövhərağa məscidi və Ağdamda Cümə məscidi qismən dağıdılmaqla salamat qalmışdır.
Bəs nəyə görə ermənilər tariximizi bu qədər talan ediblər?
Çünki, onlar bu ərazilərin tarixən bizə məxsus olduğunu yaxşı bildikləri üçün ilk növbədə bu ərazilərdən bizim qədim tarixi izlərimizi silməyə, yox etməyə çalışırdılar.
Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954 – cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” UNESCO – nun 1972 – ci il Konvensiyasının tələblərinə ziddir.
Onlar nəinki maddi – tarixi mədəniyyətə, hətta təbiətə də zərər veriblər. Zəngilanın çinar meşəsi Avropada ən böyük, dünyada isə Kanadadan sonra ikinci ən böyük çinar meşəsidir. Təəssüflər olsun ki, ermənilərin ekoloji terror siyasəti nəticəsində məhv edilmişdir. Biz erməni vandalizminin izlərinə tərəflər arasında əldə edilmiş sülh razılaşmasına əsasən Kəlbəcər, Laçın və Ağdam rayonları tərk edərkən də rast gəldik. Buradakı evləri yandırmaları, su , işıq təchizatlarını dağıtmaları, meşələri yandırıb və məhv etmələrinin də bir daha şahidi olduq. Erməni vandallarının törətdiyi bu əməllər məqsədyönlü şəkildə törədilmiş cinayətdir. Onlar torpaqlarımızda elə bir talanlar törətmişdilər ki, Fizuli rayonu azad olunanda bayraq sancmağa belə sağlam bir tikili tapılmamışdı. Əbəs yerə Ağdamı “Ruhlar şəhəri”, “Qafqazın Xerosiması” adlandırmırlar ki...
Kim tərəfindən törədilməsindən asılı olmayaraq vandalizm olduqca böyük bir cinayətdir. Bizi 30 ilə yaxın bir müddətdə öz doğma torpağımızdan, Qarabağımızdan məhrum qoyan ermənilər 2020-ci ilin sentyabrından etibarən Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə aparılan haqq müharibəsində Azərbaycan xalqının parlaq zəfəri qarşısında boyun əyməyə məcbur qaldılar. Bütün torpaqlarımız azad edildi. Biz əminik ki, ən qısa zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə aparılanq quruculuq və bərpa işləri nəticəsində Qarabağ əvvəlkindən də gözəl və füsünkar olacaq. Dəmir yumruq ətrafında birləşmiş xalq hər şeyə qadirdir!


Pirşağı qəsəbəsi, 112 № li tam orta məktəbin
tarix müəllimi Şahnaz Quliyeva

Oxşar xəbərlər