“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” Şuşa - Azərbaycanın incisi, Qarabağın mirvarisidir. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan Şuşa şəhəri Qarabağın dilbər guşəsidir.
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümumilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir.
1992-ci il may ayının 8-də Ermənistanın silahlı ordusunun hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi olan Şuşa işğal olundu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan, tarixi abidələr məhv edildi. İyirmi səkkiz il Şuşamız düşmən tapdağı altında qaldı. Bu illər ərzində erməni vandalları tarixi abidələrimizi dağıtmaqla, bizim tarixi izimizi silməyə çalışdılar. Amma bacarmadılar. Çünki tarix heç vaxt silinmir. Haqq həmişə öz yerini tutur.
2020-ci il noyabr ayının 8-də Şuşa şəhəri igid əsgərlərimizin şücaəti ilə işğaldan azad olundu.
İndi qarşıda duran əsas vəzifə və məqsəd Şuşa şəhərinin bərpasıdır. Bunun üçün bütün imkanlar səfərbər olunacaq. Artıq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə, Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa öz tarixi simasını bərpa edəcək və dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.
Sonda məqaləmi Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin bu sözləri ilə bitirmək istəyirəm. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Bakı şəhəri, Sabunçu rayonu
68 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Reyhan Məmmədova

Oxşar xəbərlər