Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir

Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır.Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev gənclər siyasətini daim dövlətçilik konsepsiyasının əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Gənclərin ictimai fəallığının yüksəldilməsi, onların layiqli vətəndaş kimi formalaşması, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu və sosial-iqtisadi inkişaf proseslərinə yaxından cəlb olunması məsələləri həmişə Ulu Öndərin diqqət mərkəzində olmuşdur.
Ümummilli Liderimizin öz nitqindəbildirmişdir ki, “Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız.”
Ulu Öndərin ideyaları əsasında müəyyənləşdirilmiş, xalqımızın taleyüklü maraq və mənafelərinə söykənən genişmiqyaslı inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan misilsiz qələbələri nəticəsində Azərbaycan bu gün özünün yeni intibah dövrünü yaşayır.
Ölkədə həyata keçirilən gənclər siyasəti Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının düzgün yolda olduğunu bir daha təsdiq etdi. Belə ki, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqillik illərində elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.
Azərbaycan gənci böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasının yaranmasına öz töhfəsini vermişdir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən, bu gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.

Şahmar Cavadov,
Salyan rayon Şorsulu kənd inzibati ərazi
dairəsi üzrə nümayəndənin müavini

Oxşar xəbərlər