Tofiq Hüseynov: Gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar

Tofiq Hüseynov: Gənclərimiz Vətən müharibəsinin ağır sınağından əsl qəhrəman kimi çıxdılar "Sumqayıt çörək” ASC-nin direktoru Tofiq Hüseynov - Hər hansı bir ailə, hər hansı bir valideyn öz gələcəyini övladlarına bağladığı kimi, hər bir xalq da özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ailənin əsas arzusu, əsas amalı olduğu kimi ölkənin, dövlətin də ən başlıca məqsədidir. Çünki gələcək, müqəddərat indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin göstəricisidir, əmsalıdır. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Amma təlim-tərbiyə ailə dəyərlərinə daxil olmaqla bərabər, eyni zamanda dövlət siyasətinin də düzgün formalaşdırılmasını zəruri edir. Çünki, bu keyfiyyətlərə malik olan gəncliyin yetişdirilməsi, eyni zamanda ictimai fikrin də düzgün istiqamətləndirilməsindən asılıdır. Daha da irəli getsək - hətta ailənin özünün də mənimsədiyi tərbiyə üsulları bilavasitə cəmiyyətin daşıyıcısı olduğu dəyərləri inikas etdirir. İctimai fikrə təsir edən vasitələr əsasən dövlətin imkanları ilə mütənasib olduğu üçün, “dövlət” bu dəyərləri qoruyan, zənginləşdirən və irəli aparan arbitr rolunda iştirak edir. Nəzərə alsaq ki, “dövlət” termini də abstrakt, mücərrəd bir məfhum deyil, dövləti idarə edən insanların iradəsinin inikasıdır, o zaman dövlət siyasətində şəxsiyyətlərin rolunu da inkar etmək olmaz.
Hər bir xalqın tarixində bu missiyanın – yəni dövlət siyasətinin, ictimai tərbiyənin həyata keçirilməsini təmin edən şəxsiyyətlər olub və var. Azərbaycan xalqı bütövlükdə bu günü və sabahı üçün Milli Liderimiz Heydər Əliyevə minnətdar olduğu kimi, dövlətimizin gənclər siyasətinin də təşəkkülündə - sağlam, vətənpərvər, intellektual gəncliyin formalaşmasında bu böyük şəxsiyyətə borcludur. Heydər Əliyevin müstəqillik illərində həyata keçirdiyi gənclər siyasəti, ta sovet dövründə formalaşdırdığı və gələcəyin müstəqil dövlətinin qurucuları kimi gördüyü vətənpərvər gəncliyin məqsədyönlü tərbiyəsinin davamı olmuşdur. Milli lider, müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Ötən əsrin 70-80-ci illərində minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi hər şeydən əvvəl, Azərbaycan gənclərinin qapalılıqdan çıxarılması, ixtisaslı mütəxəssislər kimi yetişdirilməsi və nəhayətdə də öz vətənlərinin iqtisadi inkişafında söz sahibi olması kimi uzağa hesablanmış addımlardan biri olub. 1994- cü ildə məxsusi olaraq Gənclər və İdman Nazirliyi adlı bir qurumun yaradılması da bir tərəfdən müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi daşıyırdısa, digər tərəfdən də dövlətin gənclər siyasətinin daha effektiv həyata keçirilməsinə hesablanmış addım idi.
1996-ci il fevralın 2-sində keçirilən Gənclər Forumu da bu məqsədə xidmət edən bir təşəbbüs idi və həmin ildən etibarən keçirilmiş forumların hamısı gənc nəslin hərtərəfli inkişafına - eyni zamanda, gənclərin qarşısında duran vəzifələrin müəyyənləşməsinə yönəlmiş addımlar idi. İlk forumdan etibarən Milli Liderimiz tərəfindən gənclərimizin qarşısına qoyulan əsas vəzifə - “Hər bir Azərbaycan gəncinin hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməli olduğu” vəzifəsidir. Ona görə də, həm Vətən Müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, rəşadət və vətənsevərlik nümunəsi, həm idman müsabiqələrində əldə edilmiş uğurlar, gənclərimizin ictimai, iqtisadi, siyasi və mədəni həyatda əldə etdiyi nailiyyətlər Ulu Öndərin iradəsinin və onun siyasi varisi – Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsi sayıla bilər.
Artıq 26 ildir ki, Azərbaycan Gənclərinin ilk forumunun keçirildiyi gün – “Gənclər Günü” olaraq bayram kimi qeyd edilir. Bu gün həmin gənclik, növbəti bir missiyanı – milli sərvətlərimizin talanmasının, təbiətimizin ekoloji tarazlığının pozulmasının qarşısının alınması üçün sinəsini irəli verib. İki aya yaxındır ki, soyuq, çətinlik, qar-çovğun, məhrumiyyət bilmədən əzmlə, dəyanətlə və səbrlə ədalətin təcəllisi uğrunda mübarizə aparır. Əminik, əminik ki, belə gələcəyi, belə gəncliyi olan bir millət qarşısına qoyduğu bütün çətin vəzifələrin öhdəsindən gələcək və sevinirik ki, müstəqil dövlətimizin taleyi əmin əllərə təslim ediləcək.

Oxşar xəbərlər