30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik

30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik

Sağlam ailələr sağlam cəmiyyəti, sağlam cəmiyyət isə sağlam dövləti qurur. Hər bir xalqın dəyərlər sistemində ailə münasibətləri mühüm yer tutur. Azərbaycan xalqı üçün də ailə dəyərləri müqəddəsdir. Hətta bir çox hallarda ailəyə kiçik dövlət kimi baxırlar. Xalqımız qədimdən gələn bu dəyərləri qoruyub saxlayır. Ailənin sağlamlığı cəmiyyətin təməlinin sağlam qoyulması deməkdir. Sağlam cəmiyyətin təşəkkülündəki ailələr isə milli-mənəvi dəyərləri dəyər-dəyməzinə “sataraq” yenilik, müasirlik axtarışında olan ailələr olmamalıdır.
Azərbaycanın milli-mənəvi dəyərləri aspektindən sağlam ailə milli-mənəvi dəyərlərinə hörmət edən, ata-babasından aldığı adət-ənənəni övladına ötürən insanların olduğu ailədir. Bizim cəmiyyətin milli dəyər anlayışı ailədən başlayır. Bu səbəbdən hər bir azərbaycanlının ailəsindəki ənənəyə bağlılıq sağlam cəmiyyətin qurulmasına xidmət edir.
Bu gün ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin də marağındadır. Axı sağlam cəmiyyəti sağlam ailə yaradır, sağlam dövləti isə sağlam cəmiyyət qurur. Sosioloq və psixoloqlar sağlam ailə üçün mənəvi dəyərlərin fiziki sağlamlıq qədər vacib olduğunu deyirlər. Sosioloq və psixoloqlar sağlam ailə üçün mənəvi dəyərlərin fiziki sağlamlıq qədər vacib olduğunu deyirlər.
Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi və s. məziyyətlər həm ailənin cəmiyyətdəki yerini, həm də cəmiyyətin ailədəki rolunu düzgün formalaşdırır. BMT-nin Baş Assambleyası 1993-cü ildə 15 mayın Beynəlxalq Ailə Günü kimi təsis edilməsinə qərar verib. Müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə bu günün təsis olunması rəğbətlə qarşılanıb və illərdir ki, dünya xalqları tərəfindən qeyd edilir.
Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda özü də cəmiyyətin formalaşmasında əsas rol oynayır. Bu fakt öz təsdiqini tapıb ki, ailə həm də istənilən dövlətdə əsas sabitlik və inkişaf faktorudur.
Dünyada mövcud olan bu təbii birliklərin içərisində Azərbaycan ailəsinin özünəməxsusluğu yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir. Azərbaycan mentallığı üçün ailə xüsusi məna kəsb edir.Təbii ki, hər bir ailədə valideynlərin öz yeri var. Əslində, iki insanın qurduğu yuva qoşa sahilin körpüsünə bənzəyir. Bu tərəflərdən birinin yerində olmaması hansı fəsadların baş verəcəyini göz önündə canlandırır.
Biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, oradakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir. Ailə o zaman inkişaf edib böyüyür ki, dünyaya yeni körpələr bəxş edir. Ailə o zaman əbədiləşir, şöhrətlənir, əsl xoşbəxtliyə qovuşur ki, ululardan gələn ənənələr, tərbiyə üsulu, bir sözlə, klassik təlim-tərbiyə müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, bitkin, dərrakəli davamçıların ovqatında öz əksini tapa bilsin. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Biz sevinirik ki, Azərbaycanda belə nümunəvi ailələr var və olacaqdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına Ulu öndərin öz münasibəti, öz yanaşması var idi. Ümummilli Lider Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilib, milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm veribdir. Ulu öndər və ömür-gün yoldaşı Zərifə xanım Əliyeva övladlarına və nəvələrinə genetik olaraq çox şey ötürüblər, çox şey də tərbiyə ediblər, amma sözlə, tənbehlə deyil, ilk növbədə şəxsi nümunə ilə... Heydər Əliyev Azərbaycanın suverenlik və müstəqillik rəmzi olmaqla yanaşı, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısının simvoludur.
Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində “Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir” mövzusuna toxunmuşdur. O qeyd etmişdir ki, “Azərbaycan cəmiyyətində hər bir övlad üçün onun valideynləri çox əzizdir. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər, ailə dəyərləri üzərində qurulub. Bu ənənələr dərin köklərə malikdir. 30 il müstəqil ölkə olaraq qlobal mühitdə yaşamağımıza baxmayaraq, bu ailə dəyərlərimizi və böyüklərə hörməti qoruya bilmişik. Hər bir azərbaycanlı kimi, mənim üçün də atam əziz insan olub. O insan ki, ona bənzəməyə çalışırsan, xüsusilə ata ilə fəxr edə biləndə. Bu belə olur. Mənim üçün bu, böyük xoşbəxtlikdir, çünki mən həm şəxsən onun üçün, həm də Azərbaycan xalqı üçün ən çətin vaxtlarda atamın yanında olmuşam ”


Maştağa qəsəbəsi, 293 №-li tam orta məktəbin
Riyaziyyat və İnformatika müəllimi Nuranə Zeynalova


Oxşar xəbərlər