“Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı

“Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı
1991-ci il 18 oktyabrda Azərbaycan Respublikası şər imperiyasından SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etdi. Azərbaycan respublikasının əhalisi böyük ruh yüksəkliyi ilə ölkədə əmin-amanlığın yaranmasını, iqtisadiyyatın canlanmasını, erməni basqınlarının dayandırılmasını gözləyirdi. Lakin aylar ötür vəziyyət isə getdikcə daha da pisləşirdi. Hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi, hakimiyyət üstündə didişmələr dərin sosial-iqtisadi-siyasi böhrana səbəb olurdu. Bir tərəfdən də ermənilər tərəfindən rayonların işğalı, yüz minlərlə adamın doğma yurd yuvasından didərgin düşməsi vəziyyəti daha da pisləşdirdi. Ölkə əhalisinin gözləri yeganə ümüd yeri hesab etdiyi Ulu öndər Heydər Əliyevin fəaliyyət göstərdiyi Naxçıvana yönəldi. Əhalinin çağırışı və o vaxt hakimiyyətdə olanların dəvəti ilə Ulu öndər 1993-cü ilin 15 iyununda Bakıya gəldi və böyük coşğu ilə qarşılandı. Elə həmin gün Ali Sovetin sədri seçilən Heydər Əliyev Vətəndaş müharibəsi astanasında olan Azərbaycanda təcili tədbirlər görməyə başladı. Ümummilli Lider iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətələrini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə xalq tərəfindən böyük səs çoxluğu ilə Ulu Öndər Azərbaycanın Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, dahi şəxsiyyətin isə xalqına bağlı olmasının təsdiqlədi. “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm» tezisini önə çəkərək, bunu atdığı hər addımında sübut edən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çox qısa zamanda böyük inkişaf, tərəqqi yoluna çıxardı. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə, bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir.
Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi. Eyni zamanda mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərimizin praqmatik l strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi. Beləliklə, həm yuxarıda sadalanan addımların atılması, həm də gənclərlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi, müxtəlif fərman və sərəncamların imzalanması əhali arasında böyük ruh yüksəkliyi yaratdı. Vətəndaşlar dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə çalışdılar. Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. Ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycanlılar gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar. Bu siyasət əsasən də gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı. Ümumiyyətlə Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı. Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirirdi, cəmiyyətin bütün təbəqələrində fasiləsiz inkişaf, irəliləyiş ruhu hökm sürürdü. Tarixdən məlum olduğu kimi, iqtisadi müstəqillik, iqtisadi qüdrət millətin siyasi müstəqilliyinin bazisini təşkil edir. Bu baxımdan keçən əsrin 70-80-ci illərində Azərbaycanın iqtisadi sahədə qazandığı nailiyyətlər siyasi müstəqillik yolunda mühüm təməl hesab edilməlidir.Bu mənada, ulu öndərin bu fəaliyyəti ilə təkcə, Sovet İttifaq respublikası olan Azərbaycanın deyil, həm də gələcək müstəqil Azərbaycanının möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoydu. Onun ikinci hakimiyyət illərində isə Azərbaycan dünya miqyasında tanınan və tərəqqiyə doğru gedən dövlət statusunu qazandı. Ulu öndərin yenidən ölkəyə rəhbərliyi sayəsində siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
Bu gün Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.

Zabrat qəsəbəsi,75 saylı tam orta məktəbin
tarix müəllimi Asif Hüseynov

Oxşar xəbərlər