“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi

“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi

1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi – “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalandı. 29 il bundan əvvəl Bakıda Qərb şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir.
Bu gün biz “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında, həmçinin regional və qlobal əməkdaşlığın dərinləşməsində oynadığı müstəsna roldan məmnunluq hissi ilə söhbət açırıq. Ancaq unutmaq olmaz ki, bəhs olunan müqavilənin Azərbaycan üçün məqbul şərtlərlə hazırlanması və imzalanması heç də asan başa gəlməyib.
Dünya təcrübəsindən də bəlli olduğu kimi, zəngin enerji resurslarına malik olmaq heç də xalqların və ölkələrin xoşbəxtliyi anlamına gəlmir. Əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan və əlbəttə ki, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli şəkildə idarə etməkdən ibarətdir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev Özünün müdrikliyi, zəngin siyasi təcrübəsi, milli təəssübkeşliyi sayəsində bütün bu kimi zəruri şərtləri təmin etməyə nail oldu. Məlumdur ki, başlanğıcda yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Lakin Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində bütün bədxah ssenarilər puç oldu və müstəqil Azərbaycanın gələcək inkişafına hesablanan yeni neft strategiyasının möhkəm təməli qoyuldu. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.
“Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi” Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
direktoru Yasin Quliyev

Oxşar xəbərlər