Ulu Öndərin ordu quruculuğu ilə bağlı möhtəşəm layihələri onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirildi

Ulu Öndərin ordu quruculuğu ilə bağlı möhtəşəm layihələri onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirildi
Şanlı hərbi tarixi ilə fəxr edə bildiyimiz səhifələri vərəqlədikcə bu günkü Azərbaycan ordusunun yüksəldiyi ucalığın gərgin zəhmət və yenilməz iradə hesabına fəth edildiyini görərik. Bu ucalığa, bu yüksəkliyə hakim kəsilmək üçün təlatümlü illər keçməli idi...
Vaxtilə çar Rusiyasının müsəlman xalqlarını hərbi yaddaşdan məhrum etmə məqsədi güdən siyasəti milli ordu haqqındakı təsəvvürlərimizi belə heçliyə gömmüşdü. Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu tədbirləri sırasında milli ordunun təşkilinə də kifayət qədər vəsait və diqqət ayırmışdı. Lakin ordunun əsas vəzifəsi ölkənin ərazi bütövlüyünün, suverenliyinin və vətəndaşların təhlükəsizliyinin təminatıdır ki, 1920-ci ilin yazında Sovet Rusiyasının hərbi müdaxiləsi zamanı bu missiya yerinə yetirilə bilmədi. Bu da bir həqiqətdir ki, zaman müstəqilliyimizin itirilməsinin başqa səbəbləri də mövcud idi. Lakin ordunun təchizatı və döyüş bacarıqları da qənaətbəxş deyildi söyləsək, yanılmarıq.
Ötən əsrin 60-cı illərinin sonunda respublika rəhbərliyinin dəyişməsi bütün ölkədə yeni ab-hava yaratmışdı. O zaman tamam yenilikçi platforma irəli sürən çevik siyasətçi Heydər Əliyev mühüm prioritet istiqamətlərdən biri kimi ordu üçün ixtisaslı kadrlar hazırlanması məsələsini gündəmə gətirdi. Nəticədə 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb ərsəyə gəldi. Məhz bu məktəbin yüzlərlə, minlərlə məzunları sonralar 90-cı illərdə müstəqil Vətənimizin hərbi güc strukturlarının formalaşmasında müstəsna rol oynadılar. Elə bu mənada artıq demək olar ki, Ulu Öndər Milli Ordumuzun baş memarı olmuşdur. Lakin müstəqil respublikanın ordusunun formalaşması bir çox çətinlik və maneələrlə üzləşdi. Belə ki, texniki təchizat baxımından, eləcə də vahid komandanlıq xüsusunda vəziyyət yarıtmaz idi. Bu da gizli deyil ki, hərbi xidmətdən yayınma, fərarilik halları artmışdı, torpaqlarımız isə ard-arda düşmən caynağına keçirdi.
Belə bir vaxtda yenidən respublika rəhbərliyinə gələn müdrik siyasətçi mövcud hərbi potensialı toplamağa, ordunun döyüş ruhunu özünə qaytarmağa qətiyyətlə girişdi. Hər şey Ali Baş Komandan və millətin rəhbəri kimi Ulu öndər Heydər Əliyevin 2 noyabr 1993-cü ildə dövlət televiziyası ilə xalqa müraciəti ilə başladı. Məhz o zaman rəhbərin təsiredici çıxışı xalqı azğın düşmənə qarşı mübarizəyə səfərbər etdi.
Ulu Öndərin ordu quruculuğu ilə bağlı möhtəşəm layihələri onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2005-ci ildə Azərbaycanda Müdafiə sənayesi nazirliyinin yaradılması isə milli brendimiz olan “İstiqlal” snayper silahının və zirehli döyüş maşınlarının kütləvi istehsalını təmin etdi. Yüksək ixtisaslı komanda heyətinin hazırlanmasına ciddi önəm verilirdi. Məhz cənab Ali Baş Komandanın göstərişi ilə 12 iyun 2007-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması bu strategiyanın nəticəsi idi.
Hələ o zamanlar ölkə rəhbəri dəfələrlə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi zərurətini vurğulayaraq, eyni zamanda hücum diplomatiyası ilə azğınlaşmış avantürist düşməni yerində oturmağı bacarmışdı. Qarşı tərəf bütün diplomatik gəlişmələrdə uduzurdu. Təbii ki, güclü ordunun arxası həm də müdrik diplomatiyaya bağlı olmalı idi: “Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir”.
2020-ci ilin sentyabrın 26-sı gecədən başlamış düşmən təxribatına adekvat cavab olaraq Azərbaycan ordusu bütün istiqamətlərdə müdafiədən hücuma keçərək düşmənin keçilməz hesab edilən müdafiə xəttini yardı, beləliklə də hər gün onlarla yaşayış məntələrimizi azad etdi. Bu ordu özünə müzəffər, şanlı, yenilməz adlarını qazandırdı, bizə isə tarixi ZƏFƏR qazandırdı. Bu ordu bizim özgüvənimizi özümüzə qaytardı, bizi daha da qürurlu etdi.
“Dəmir yumruq”əməliyyatı nəticəsində torpaqlarımızın azad olunmasından sonra keçən müddət ərzində ordu quruculuğu daha da qlobal miqyas almış, onun sıraları daha da mətinləşmiş, dövlətmizin beynəlxalq imici daha da yüksəlmişdir.
Bu günlərdə cənab Ali Baş Komandan Müdafiə Nazirliyinin komando hissələrindən birində yaradılan şəraitlə tanış olmuş, komando hissəsinə döyüş bayrağını təqdim etmişdir.


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev



Oxşar xəbərlər