Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub

Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub
Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. O, ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbi-tarixi əhəmiyyətini ön plana çəkib. Ulu öndər ölkəmizin tarixində mühüm rol oynamış şəxsiyyətlərin yubiley tədbirlərinin təşkilinə xüsusi diqqət yetirir və bu tədbirlərdə sevə sevə iştirak edərək hər bir vətəndaşa örnək olurdu. Məhz bu baxımdan 1 avqust 1994-cü ildə dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymət idi. Ulu Öndərimizə görə bu yubiley və ümumən yubileylər xalqların özlərini dünyaya təqdim etmək, bəşəriyyətə tanıtmaq üsuludur. Heç şübhəsiz ki, dahilərin yubileyləri həm də xalqın özünü-özünə tanıtmaq forması idi. Gənc nəslin düzgün formalaşması və tərbiyəsi işini həmişə diqqətdə saxlayan Ulu öndər Heydər Əliyev bu yubileylərin, tədbirlərin yeni nəslin mənəvi-tarixi ənənələr ruhunda tərbiyə olunması, formalaşdırılması imkanı olduğunu yaxşı bilirdi. Məhəmməd Füzulinin 500 illik yubileyinin keçirilməsi həm də, bütün dünyaya “Füzuli azərbaycanlıdır” həqiqətini bəyan etmək demək idi. Ulu öndər deyirdi: “Füzulini dünyaya bir daha tanıtmaqla bağlı nəzərdə tutulan tədbirlər ilk növbədə keçirilməlidir”.
Ulu öndər Füzuli irsini Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək kimi dəyərləndirirdi. Dahi öndərimiz təkcə ölkə hüdudlarında deyil beynəlxalq arenalarda da xalqımızın milli mənəvi irsini təbliğ etməkdən yorulmurdu. Ulu öndər Heydər Əliyev Türkiyə Böyük Millət Məclisindəki çıxışında demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, qədim türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətini onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq, bu günlərə gətirib çıxarmışdır”. Ulu öndər Heydər Əliyevin fikrincə, Füzuli kimi böyük sənətkarlar öz xalqlarının tarixdə irəliləməsinə kömək edir, tarixin qaranlıq dolanbaclarında onun irəliləməsi üçün bir növ mayaka çevrilirlər: Azərbaycan xalqının həyatı böyük, çətin mərhələlərdən keçmişdir. Ancaq bütün çətinlikləri keçməkdə Azərbaycan xalqına onun böyük insanlarının, böyük şəxsiyyətlərinin yaratdıqları sənət əsərləri kömək etmişdir. Füzuli bunların arasında görkəmli yer tutur. Ulu öndər Heydər Əliyevin Füzuli ilə bağlı görüşləri onun ümumiyyətlə klassik irsə münasibətinin miqyaslarını əks etdirir. Füzuli dühasının mahiyyətini açmaq və bütün cahana göstərmək XX əsrdə hamıdan çox Heydər Əliyevə nəsib olmuşdur.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər