Azərbaycançılıq ümummilli ideologiyasının müasir və müstəqil Azərbaycanın əsas qayəsinə çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur

Azərbaycançılıq  ümummilli ideologiyasının müasir və müstəqil Azərbaycanın əsas qayəsinə çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur
Azərbaycançılıq Azərbaycan xalqının milli ideologiyasıdır. Bu ideologiyanın əsasında Azərbaycanı sevən, onu özünə vətən hesab edən xalqların milli, etnik, dini və sosial hüquqlarının qorunması və bərabərliyi ideyası dayanır. Azərbaycançılıq ümummilli ideologiyasının müasir və müstəqil Azərbaycanın əsas qayəsinə çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Ulu öndər, ümummilli lider Heydər Əliyevin hələ birinci rəhbərliyi dövründə azərbaycançılıq ideologiyası istiqamətində çox böyük və qətiyyətli addımlar atmışdır. Məhz bu addımlar və dəqiq qərarlar sayəsində Azərbaycan tarixi, dili, ədəbiyyatı, mədəniyyəti hər tərəfli öyrənilmiş və inkişafı üçün lazımi tədbirlər həyata keçirilmişdir. Gənc nəslin milli ruhda tərbiyə olunması, milli şüurun formalaşması və bərpası, bütün sahələrdə azərbaycançılıq məfkurəsinin möhkəm və etibarlı formalaşdırılması da elə ulu öndərin qarşıya qoyduğu bu məqsədlərin nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23də imzaladığı sərəncamla həmin ilin noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Dünyanın müxtəlıf ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişafı, Azərbaycanın nüfuzunun artırılması, digər ölkələrdə tariximizin və mədəniyyətimizin yüksək səviyyədə təbliğ olunması qurultayın başlıca məqsədi və qarşıya qoyduğu əsas vəzifə olmuşdur. Qurultay zamanı dövlət siyasətinin əsas prioritetini ulu öndər belə səciyyələndirmişdir:
“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və biz azərbaycançılığı Azərbaycan dilini,mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ümummilli liderin bu fəaliyyətlərini onun layiqli davamçısı prezident İlham Əliyev bu gün də davam etdirməkdədir. Onun təşəbbüsü ilə 2006-cı il martın 16-da Bakıda təşkil olunmuş Dünya Azərbaycanlılarının II Qurultayı bunu bir daha sübut edir.
Dövlət başçısının uğurlu siyasətinin nəticəsidir ki, bu gün əksər xarici ölkələrdə Azərbaycan səfirlikləri fəaliyyət göstərir və orada yaşayan azərbaycanlılara lazımı dəstək və qayğı göstərilir.

Maştağa qəsəbəsi, 255 saylı orta məktəbin
əməkdaşı Lamiyə Mürsəlova

Oxşar xəbərlər