Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır

Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır

Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Prezident öncə Şuşanın Azərbaycanın tarixində xüsusi yeri olduğunu və bu şəhərin indi sıfırdan yenidən qurulduğunu deyib.
Daha sonra bildirib ki, 2023-cü il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.
Ulu Öndər Heydər Əliyev 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Ermənistanın sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyə toxunan ölkə rəhbəri deyib ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq.
Azərbaycan Prezidenti deyib ki, regionda kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.
Cənab prezident İlham Əliyev Azərbaycanın sülh mövqeyindən çıxış etdiyini bildirib. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gələn beş prinsipi irəli sürüb. Ermənistan rəsmən ya bunları rədd etməli idi, ya da onları qəbul etməli idi. Rədd etsəydilər, bu, yenə də onların qeyri-konstruktiv olduğunu göstərəcəkdi, çünki bu prinsiplərdə beynəlxalq hüquqa zidd olan heç nə yox idi. Onların qəbul edilməsi isə psixoloji nöqteyi-nəzərdən, normal davranış sərgiləməyə razı olmaq nöqteyi-nəzərindən onlar üçün çətin idi. Ermənistanın ciddi danışıqlarda iştirak etmək istəməməsi səbəbindən uzun fasilə oldu.
Prezident çıxışında Şuşa Bəyannaməsinin imzalanmasını “tarixi hadisə” adlandırıb. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib. Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib.
Orta Dəhliz layihəsi barədə danışarkən ölkə başçısı qeyd edib ki, bu layihə Azərbaycan tərəfindən tam dəstəklənir. “Azərbaycan yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıdır. Biz bu imkandan istifadə edərək, marşrut boyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər”.
Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Bu barədə söz açan Prezident Əliyev bildirib ki, ümumilikdə, Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq.
Azərbaycan Prezidentinin Şuşadakı beynəlxalq konfransda etdiyi bu çıxış ölkəmizin regionda və dünyada artan nüfuzunun, düzgün müəyyənləşdirilmiş xarici siyasət kursunun və hərbi-iqtisadi potensialın artırılmasının gğstəricisidir. Bu yol Azərbaycanı inkişafa təhlükəsiz və möhkəmləndirilmiş müstəqillik hədəfinə aparıb çıxaracaq.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova


Oxşar xəbərlər