Qələbəmizin şüarı- Qarabağ Azərbaycandır!

Qələbəmizin şüarı- Qarabağ Azərbaycandır!
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi Köçəryan-Sarqsyan hərbi-siyasi xuntasını tarixin zibilqabına göndərməklə danışıqlar prosesinin konstruktiv məcraya qayıdacağına müəyyən ümidlər yaratdı. Lakin Baş nazir Nikol Paşinyanın timsalında Ermənistanın yeni rəhbərliyinin səsləndirdiyi bəyanatlar və atdığı addımlar heç bir şübhə doğurmurdu ki, Ermənistan işğalla bağlı status-kvonu saxlamağa və işğal olunmuş ərazilərin ilhaqına nail olmağa çalışır. Əgər Ermənistanın əvvəlki hakimiyyətləri hərbi işğalçı siyasətinə görə beynəlxalq hüquqi-siyasi məsuliyyəti dərk edərək öz təcavüzkar siyasətini gizlədir, "Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi" haqqında bəyanatlarla onu ört-basdır etməyə çalışırdılarsa, yeni Baş nazir Nikol Paşinyan danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozaraq, Ermənistanın əsl niyyətlərini dünyaya açıq şəkildə nümayiş etdirdi.
2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Baş nazir Nikol Paşinyanla müzakirələrdə Prezident İlham Əliyevin qazandığı daha bir parlaq qələbə Azərbaycanın Ermənistan üzərində mütləq üstünlüyünü bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan liderinin natiqlik sənətinə qüsursuz şəkildə yiyələnməsi, yüksək diskussiya aparmaq bacarığı, polemikanın tarixini və predmetini dərindən bilməsi, hər hərəkətində hiss olunan qətiyyət, Ermənistanın Baş nazirinə qarşı "şah və mat" xarakterli istehzası Yerevanın on illərlə formalaşdırılan saxta siyasətini darmadağın etdi. Həmin debatlarda İlham Əliyevin danılmaz üstünlüyü və Nikol Paşinyanın acı məğlubiyyəti hətta erməni ekspert icması tərəfindən də qəbul edilmişdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eləcə də hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutdu. Azərbaycan əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verdi. Düşmənin qarşısı alındı və Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində acı məğlubiyyətlə barışmağa məcbur oldu.Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər.
Hər dəfə kəndlərimizin, şəhərlərimizin işğaldan azad edilməsi haqqında xəbər "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözləri ilə bitəndə gözlərimizdən sevinc gözyaşları axır, milyonlarla soydaşımızın qəlbində sevinc hissi baş qaldırırdı.



Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
müəllimi Nəzakət Əzizzadə


Oxşar xəbərlər