Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına qorumağa hazır olduqlarını göstərdilər

Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına qorumağa hazır olduqlarını göstərdilər Azərbaycanın Vətən müharibəsində qələbə qazanması diplomatiyada və hərbi sahədə aparılan uğurlu siyasətin məntiqi nəticəsi oldu. Təbii ki, bu şərəfli yolda liderin-Müzəffər Ali Baş Komandan İlham Əliyevin rolu danılmazdır. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı.Azərbaycan öz torpaqlarını işğaldan azad olunması istiqamətində ayağa qalxdı. Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu.
Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunu bir daha göstərdi. Əlbəttə ki, Tovuz döyüşləri böyük qələbənin başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Azərbaycan Respublikasının Hərbi doktrinasına əsasən, Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu Azərbaycan Respublikası özündə saxlayır. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov



Oxşar xəbərlər