
"Report" məlumatına görə, o, bu platformanın sayəsində Ermənistanın Azərbaycanla sülhə daha da yaxınlaşdığını bəyan edib.
O qeyd edib ki, Tbilisi İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:
"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycan və Naxçıvanı birləşdirən sülh yolu açılacaq".
Paşinyan çıxışında Azərbaycan Respublikasının Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına da toxunub.
"Azərbaycan Prezidenti çox mühüm və pozitiv addım atdı. Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu sülh region üçün çox vacibdir" – deyə Paşinyan vurğulayıb.
O bildirib ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Paşinyan çıxışında həmçinin qeyd edib ki, regiondakı kommunikasiyaların, yolların və iqtisadi əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və rifahın möhkəmlənməsinə xidmət edir.
"Əlaqələrin qurulması və əməkdaşlığın genişlənməsi region ölkələrinə daha çox imkanlar, inkişaf və firavanlıq gətirəcək. Bu, Cənubi Qafqazda sülhü daha da möhkəmləndirəcək," – deyə Paşinyan bildirib.