Bizim mübarizəmizin davamı çox geniş müstəvidədir

Bizim mübarizəmizin davamı çox geniş müstəvidədir
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi genişmiqyaslı müsahibəsində dövlətimiz üçün önəmli olan bir çox məsələlərə bir daha toxunmuş, Vətən müharibəsindən keçən son iki il ərzində, xüsusən də ötən ilin gedişində atılmış mühüm addımlar haqqında təhliledici fikirlərini səsləndirmişdir. Ədaləti bərpa etmək.üçün böyük risklərə getməyimizin, böyük qüvvələrə qarşı qorxmadan mübarizə aparmağımızın dünya siyası arenasında dövlətimizə - onun siyasasətinə rəğbəti artmış olması, Azərbaycanın dünya dövlətləri üçün etibarlı və ciddi tərəfdaş kimi tanınmasında, güclü dövlət olaraq öz sözünü açıq deyə bilməsində, müstəqil siyasət apara bilməsində qarşımızda genış imkanlar açmış olması xüsusilə diqqət mərkəzinə çatdırılmışdır. Eləcə də postpandemiya və postmüharibə vəziyyətlərinin gündəmdə olduğu, dünyada qlobal tənəzzül vəziyyətinin mövcud olduğu bir zamanda Azərbaycanın qabaqlayıcı tədbirlər həyata keçirərək mənfi təsirləri minimuma endirməyə və neytrallaşdırmağâ çalışmasının dünya ölkələri içərisində siyasi və iqtisadi mövqeyimizin artmasında önəmli rol oynaması xüsusilə qeyd olunmuşdur.
Cənab Prezidentin qeyd etdiyi kimi müharibədə Qələbə çalmaqla işimizi bitmiş hesab etmədik və dünya siyasi müstəvisində bu Qələbəni təsdiqləmək və möhkəmləndirmək üçün öz səylərimizi davam etdirməyi qarşıya əsas məqsəd olaraq qoyduq. Müharibə bitmiş olsa da, nəticələrlə bağlı düşmən tərəfin öz öhdəsinə götürdüyû işləri yerinə yetirməkdə israr etməsi, hətta bundan boyun qaçırmağa çalışması bizləri mübarizəmizi davam etdirməyə vadar etdi. Dövlət olaraq Qələbə yolu ilə əldə olunan reallığı, ədaləti qoruyub saxlamağa, xüsusən də aparıcı dünya dövlətlərinin davamlı dəstəyini qazanmaq üçün siyasi və informasiya meydanında haqq səsimizi dünyaya çatdırmaq vəzifəsini davam etdirməyə çalışdıq. Belə önəmli zamanda enerji təhlükəsizliyi məsələlərində ölkəmizin önəmli mövqeyə malik olması da bu işləri reallığa çevirməkdə dövlətimiz qarşısında geniş imkanlar açmış oldu. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi ötən iki il ərzində qeyri-real heç bir xülyaya qapılmadan görülən işlər, atılan önəmli addımlar, aparılan vacib danışıqlar, edilən mühüm səfərlər və atılan digər addımlar real maraqlarımızı təmin etmək üçün siyasi, hərbi, iqtisadi, diplomatik sferalarda qarşımızda geniş imkanlar açmış oldu.
Bizim mübarizəmizin davamı çox geniş müstəvidədir. Çünki bu mübarizə dövlətimizin həm dünya arenasında qazandığı mövqeyinin möhkəm şəkildə və davamlı qorunub saxlanılmasına xidmət etməkdən, həm də çox ağır dönəmdən keçmiş - müharibədən təzə çıxmış və 20 faizi tamamilə dağılmış ərazilərində bərpa işlərini həyata keçirə bilmək üçün daxilən – iqtisadi və sosial baxımdan gücümüzü inkişafetdirici məcrada saxlamaqdan ibarətdir. Müharibə dövründə bir neçə dövlətdən siyasi dəstək almış olsaq da, müharibə fəsadlarının aradan qaldırılması işlərində, eləcə də illərlə düşmən tapdağı altında qalıb böyük dağıntılarla üzləşmiş torpaqlarımızın bərpa olunması məsələsində heç bir dövlət tərəfindən köməyin olunmaması bizi iqtisadi cəhətdən güclü və müstəqil olmağa bir daha vadar edir. Əks halda həlli vacib məsələlərin öhdəsindən gələ bilmək mümkün olmaz. Bir yandan bərpa işlərinin aparılması, digər tərəfdən dünyada ciddi məsələyə çevrilən və dünyanın bir regionu olaraq Azərbaycana da təsirsiz ötüşməyən inflyasiya ilə mübarizə aparılması bizi daima mübarizədə olmağa və bütün müstəvilərdə güclü olmağa məcbur edir. Güclü və mübariz olmaq üçün isə müharibə dövründə olduğu kimi davamlı birlik nümayiş etdirməli, xalq- rəhbər, ordu- xalq, xalq – ordu – rəhbər birliyini qorumağa çalışmalı, kənardan gələn hiyləgər və məkrli siyası təsirlərin əsirinə çevrilməməliyik.
Mübarizə davam edir...Xüsusən də siyasi və informasiyanın doğru-düzgün dünya ictimaiyyətinə çatdırılması arenasında, siyasi cəhətdən böyük dövlətlərin tərəfdaşlığının qazanılması arenasında...Dövlətlə bərabər hər bir vətəndaş bu sahəyə öz töhfəsini vermək üçün yorulmadan çalışmalı, üzərinə düşən vəzifəni davamlı olaraq layiqincə yerinə yetirməyi özünə borc bilməlidir.

Zabrta qəsəbəsi, 71 saylı məktəbin
tarix müəllimi Vüsalə Ağayeva















Oxşar xəbərlər