
Qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması Azərbaycanı beynəlxalq aləmdəki etibarlı tərəfdaş kimi tanıtmışdır. Əsasən iqtisadi əlaqələr üzərində qurulan bu əməkdaşlıq prinsipləri Azərbaycanın enerji resurslarına digər dövlətlərin ehtiyacından irəli gəlir. Beynəlxalq enerji layihələrinin reallaşdırılması, təkcə region ölkələri deyil, Avropa dövlətlərinin də Azərbaycan neftinə və qazına olan tələbatı Azərbaycanın dünyada liderlik qabiliyyətini artırır. Düzgün aparılan xarici iqtisadi-siyasət kursumuz nəticəsində Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib.
Vətən müharibəsində əldə edilən Zəfər Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi qarşıda görüləcək abadlıq-quruculuq işləri, yeni ifrastruktur layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratmışdır. Enerji layihələrinin icrası üçün yaradılacaq yeni nəqliyyat dəhlizlərinin açılması layihələrin müvəffəqiyyətlə icrası üçün əlverişli şəraiti labüd edir. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən etibarlı əməkdaşlığın qarşıda görüləcək işlərdə də öz əksini tapacağı heç kimdə şübhə oyatmır. Azərbaycanın əldə etdiyi uğurlar və dünya birliyində, beynəlxalq aləmdə formalaşdırdığı müsbət imic bu günədək apardığı düzgün xarici siyasətin və görülən işlərin nəticəsidir.
Məhərrəmova Yeganə, 90 saylı orta məktəbin direktoru