“Kremlin əsas məqsədi “Qarabağ klanı”nın söz sahibliyini bərqərar etməkdir”

“Kremlin əsas məqsədi “Qarabağ klanı”nın söz sahibliyini bərqərar etməkdir” Məhəmməd Əsədullazadə: “Paşinyan Robert Koçaryan və Serj Sarkisyanın tərəfdarlarını siyasi səhnədən silməyə çalışır”

Ramil Məmmədli: “Güman etmək olar ki, saxlanılan şəxslərin bəzilərindən Saakyana və qondarma rejimin rəhbəliyində təmsil olunan digərlərinə qarşı ifadələr alınacaq”

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 11-də Ermənistan parlamentində 2016-cı il aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının iclası baş tutub. Qeyd edək ki, iclasda Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Harutyun Babayanın köməkçisi, həmin döyüşlərinin iştirakçısı olan Sarkis Niazyan dindirilib. Bununla bağlı ordu.az-da yer alan informasiyada isə deyilir ki, aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının “Mənim Addımım” fraksiyasından olan üzvü Armen Xaçatryanın sözlərinə görə, komissiyanın görüləsi çox işi olduğu üçün məcburi olaraq zaman uzadılmalıdır: “İstiqamətlər çoxdur və bütün bunlar qeyd ediləcək, bundan nəticə çıxarmaq üçün çox vaxt lazımdır”. Xaçatryan həmçinin, bildirib ki, təxminən bir onluğa çatan keçmiş və indiki yüksək vəzifəli mərmurlar dindirilib, yaxın gələcəkdə mətbuatda adları səslənən şəxslərin hamısı dəvət olunacaq.

Aprel döyüşlərini araşdıran Ermənistanın parlament komissiyasının Serj Sarkisyanı da dindirəcəyi gözlənilir

Bu arada, Ermənistan mediası düşmən ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyana istinadən bəyan edib ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi yaranmış vəziyyəti düzgün qiymətləndirə bilməyib və nəticədə əməliyyat, taktiki uğursuzluqlara yol verib. Bununla bağlı kaspi.az-da gedən məlumata görə, “Azatutyun” yazır ki, general-leytenant Arutyunyan hazırda dördgünlük müharibəni araşdıran parlament istintaq komissiyasının məsləhətçisi kimi çıxış edir. Arutyunyanın sözlərinə görə, erməni tərəfi canlı qüvvənin hansı şəraitdə itirilməsini araşdırmalıdır. “Azatutyunu”n “kəşfiyyat səhvləri də buraxılıbmı” sualına cavab verən Arutyunyan deyib ki, bu məsələ hələ araşdırılır: “Kəşfiyyatın rolu hələ öyrəniləcək. İnformasiya olubmu, bu barədə məruzə edilibmi, kimə məruzə edilib və hansı qərarlar qəbul olunub? Bu günün əsas vəzifəsi bu informasiyanın necə olduğu, kimə məruzə edildiyi və hansı qərarın qəbul edildiyinin öyrənilməsidir”. Onun fikrincə, bu müharibədə hər bir öldürülmüş əsgərin hansı şəraitdə həlak olmasının aydınlaşdırılması əsas vəzifələrdən biridir. Ermənistanın sabiq müdafiə naziri belə bir fikirlə razılaşmır ki, “dördgünlük müharibəni” araşdıran komissiyanın məqsədi kimlərinsə cəzalandırılmasıdır. Onun sözlərinə görə, parlamentin istintaq komissiyasının məqsədi səhvləri üzə çıxarmaq və onların gələcəkdə təkrar olunmasının qarşısını almaqdır. Lakin Arutyunyan istisna etməyib ki, araşdırma əsgər ölümlərinə, ərazi itkisinə səbəb olmuş səhvləri və şəxsləri aşkar etsə, onda məsuliyyətə cəlbetmə də gündəmə gələ bilər.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan isə bu qənaətdədir ki, aprel məğlubiyyətini araşdıran parlament komissiyasının Serj Sarkisyanı da dindirəcəyi gözlənilir. Karapetyan bildirib ki, komissiyanın 2016-cı ilin aprel döyüşləri ilə bağlı iclasına Sarkisyan da çağırıla bilər: “Hakimiyyətin keçmiş və indiki nümayəndəsi olmasından asılı olmayaraq, istənilən adamı çağırmaq üçün məhdudiyyət yoxdur. Ehtiyac olarsa, Serj Sarkisyan da dəvət olunacaq”. Onun sözlərinə görə, komissiyanın istintaq orqanı statusu var və ona görə də dəvətli, iclasa gəlməkdən imtina edə bilməz.

“Aprelə kimi Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni sürprizlər gözləyə bilər”

Картинки по запросу Məhəmməd Əsədullazadə

Məsələ ilə bağlı mövqeyini bildirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, aprel döyüşlərinin araşdırılması üçün yaradılan komissiya Nikol Paşinyanın “Qarabağ klanı”na qarşı başladılan 2008-ci il 1 mart hadisələrinin araşdırılması cinayət təqibinin məntiqi davamıdır: “1 mart hadisələri ilə bağlı “Qarabağ klanı”na zərbə vuran Paşinyanın növbəti hədəfi bununla işğal olunmuş ərazilərdə separatçılardır. Qeyd edim ki, “Qarabağ klanı”nın əsas dayağı Qarabağdır və burada toparlanması istiqamətində işlər aparılır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”də yenidən rəhbərliyi öz əllərində saxlamağa çalışacaqlar. Məhz buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Koçaryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə çalışır”.

Politoloqun fikrincə, Ermənistan parlamentində yaradılan komissiyanın araşdırmaları Xankəndində separatçılara çatacaq: “Onların istintaqa cəlb edilməsi qaçılmaz ola bilər. Komissiyanın nəticələrindən sonra Paşinyan separatçıları orduda baş verən uğursuzluğa görə ittiham edəcək və Qarabağ ermənilərini onlara qarşı qaldırması istisna deyil. Aprel döyüşlərində işğal olunmuş ərazilərdə orduda müəyyən rəhbərliyi həyata keçirən separatçıları korrupsiyada, orduda yeyintiyə yol verməkdə və uğursuz hərbi əməliyyatlarda ittiham etməsi gözlənilir. Göründüyü kimi, Paşinyanın daxili siyasi intriqası davam edir və hakmiyyətini qorumaq üçün Qarabağda öz adamlarını qondarma rəhbərliyə gətirməyi hədəfləyir. Bununla özünə qarşı qatı düşmən olan klanı zərərləşdirəcək Paşinyanın Qarabağ münaqişəsinin həllində hansı addımlar atacağı gələn il apreldən sonra bəlli olacaq. Aprelə kimi isə Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni sürprizlər gözləyə bilər”.

“Hesab edirəm ki, istintaq məsələyə hüquqi don geyindirərkən, Koçaryan və Sarkisyan onlara yaxın olan daha bir neçə yüksək rütbəli zabitlərini itirməli olacaq”

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini öyrənmək məqsədiylə müraciət etdiyimiz hərbi-siyasi icmalçı Ramil Məmmədli isə “Hürriyyət”ə bildirdi ki, hakimiyyətə gəldikdən sonra Nikol Paşinyanın daxili siyasətlə əlaqədar atdığı addımların hamısı birmənalı olaraq Robert Koçaryan və Serj Sarkisyan iqtidarına qarşı yönəlib: “Burada əsas məqsəd Robert Koçaryan və Serj Sarkisyan iqtidarının yerlərdəki mövqelərini zəiflətmək, eyni zamanda xalqla onlar arasında uçurum yaratmaq, onların imicini korlamaqdır. Onu da qeyd edim ki, 2016-cı ilin aprel ayında baş verən hadisə, yəni Azərbaycanın cəbhə xəttində döyüşlərdə uğur qazanması və Ermənistanın milyonlarla xərc bahasına qurduğu müdafiə xətti uğurlu olmadığından, Paşinyanın bundan istifadə etmə şansı yaranıb. Əlbəttə, ilk dövrlərdə bu məsələnin qabardılmasına imkan, vaxt yox idi. Çünki proseslər sürətlə gedirdi. Lakin hazırda artıq bunun üçün imkan var. Hesab edirəm ki, araşdırma mərhələsindən sonra istintaq məsələyə hüquqi don geyindirərkən, Koçaryan və Sarkisyan onlara yaxın olan daha bir neçə yüksək rütbəli zabitlərini itirməli olacaq. Belə ki, onların bəziləri həbsxanaya göndəriləcək, bəziləri isə ordudan uzaqlaşdırılacaq”.

“Saakyan Dağlıq Qarabağdakı qondarma rejimdə söz sahibi olduğu müddətcə Paşinyanın orada manevr imkanları məhdudlaşacaq”

Nikol Paşinyan hakimiyyətinin 2016-ci il aprel döyüşlərini araşdırmasının Azərbaycan tərəfinə yönəlik addım olmadığını vurğulayan hərbi-siyasi icmalçının fikrincə, bununla Ermənistanın mövcud iqtidarı daxili imkanlarını gücləndirməyi planlaşdırır: “Nəzərinizə çatdırım ki, Dağlıq Qarabağdakı separatçı, qondarma rejimin rəhbəri Bako Saakyanın 2016-ci il aprel döyüşlərindəki məğlubiyyətdə, itkilərin çox olmasında rolunun olmaması inkaredilməz məntiqdir. Onunla bağlı yeganə səbəb odur ki, Bako Saakyan Dağlıq Qarabağdakı separatçı qüvvələrin “ali baş komandanı”dır. Belə olan təqdirdə, təbii ki, orduda baş verən hadisələrdə, uğursuzluqlarda Bako Saakyanın da payı var. Bundan başqa, bir məqamı da qeyd etmək lazımdır ki, Bako Saakyan Dağlıq Qarabağdakı qondarma rejimdə söz sahibi olduğu müddətcə Nikol Paşinyanın, o cümlədən Ermənistandakı hazırkı siyasi sistemin orada manevr imkanları məhdudlaşacaq. Ona görə də yəqin ki, istintaq materiallarında, təhqiqatlarda ittiham olunacaq şəxslər arasında Bako Saakyanın da adı hallanacaq. Güman etmək olar ki, saxlanılan şəxslərin bəzilərindən Bako Saakyana və Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəliyində təmsil olunan digərlərinə qarşı ifadələr alınacaq”.

Rusiyanın baş verənlərə münasibətinə gəlincə, Ramil Məmmədli qeyd etdi ki, artıq Kreml “Qarabağ klanı” ilə bağlı mövqeyini açıq şəkildə bildirib: “Belə ki, Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri zamanı Robert Koçaryanın ailə üzvləriylə görüşməsi, təcridxanada olmasına baxmayaraq, ona təbrik məktubu göndərməsi və bu tip digər addımların atılması onu göstərir ki, Kremlin Robert Koçaryan və Serj Sarkisyana, eyni zamanda Dağlıq Qarabağdakı separatçı qüvvələrə olan münasibəti bəllidir. Və burda əsas məqsəd “Qarabağ klanı”nın qorunub saxlanılması, onların Ermənistanda söz sahibi olmasını bərqərar etməkdir”.

Oxşar xəbərlər