Manatı “sıxacaq” iki faktor: TƏHLÜKƏLİ 3 AY - TƏHLİL

Manatı “sıxacaq” iki faktor: TƏHLÜKƏLİ 3 AY - TƏHLİL Azərbaycan manatının məzənnəsində sabitlik birbaşa neft gəlirlərindən asılıdır.2018-ci ilin noyabr ayına qədər neft sektoru üçün pozitiv olsa da, noyabr-dekabr aylarında neftin dünya bazar qiymətləri kəskin şəkildə ucuzlaşdı.Bunun başlıca səbəbi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardır.Bu da onu göstərir ki, qonşu ölkələrdə baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür.

Ekspertlər hesab edir ki, əgər növbəti illərdə dünya bazarında neft kəskin ucuzlaşarsa, azalan valyuta gəlirlərinin birbaşa təsirlərindən qaynaqlanan faktorların, eləcə də, dövlət və şirkətlərin xarici kreditorlar qarşısında öhdəliklərinin çoxalması milli valyutaya təsirsiz qalmayacaq.

Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılı olduğundan, manatın sabitliyinə təminat verən başlıca faktor da neft amilidir.Statistika isə göstərir ki, milli gəlirin formalaşmasında neftin payı böyük deyil, təxminən, 40 faiz ətrafındadır.Ancaq maliyyə və ixrac göstəricilərində neftin payı həddindən artıq yüksəkdir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artımı 2019-cu ildə 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Hesabatda qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının bərpası makroiqtisadi sabitliyin təmin olunması üzrə tədbirlər və yüksək neft qiymətləri ilə dəstəklənir.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, 2019-cu ildə manatın məzənnəsinə təsir göstərəcək əsas iki faktor var:

“Neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktordur. Neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ixracatının 82 faizi xam neftdir, ixracatın təxminən 89 faizi neft və neft məhsullarının payına düşür. Nəticə etibarilə, ölkəyə daxil olan valyutanın həcmi birbaşa neft dünya bazar qiymətindən asılıdır.Yenə də ixracatımızda neft aparıcı sektor olaraq qalmaqdadır.Bu baxımdan, neftin dünya bazar qiyməti manatın məzənnəsinə təsir göstərən əsas faktordur”.

Analitik hesab edir ki, manatın məzənnəsinə təsir edən ikinci faktor Azərbaycanın qeyri-neft ixracatında əsas paya malik olan ticarət tərəfdaşlarının milli valyutalarının vəziyyətidir:

“Söhbət daha çox Rusiya rublunun məzənnəsindən gedir. Rublun məzənnəsi birbaşa manatın kursuna təsir göstərən əsas faktordur.Hər iki amil - yəni, həm neftin dünya bazar qiyməti, həm də ticarət tərəfdaşlarının milli valyutalarının necə dəyişməsi manatın məzənnəsinə təsir göstərəcək.Mərkəzi Bank pul-kredit siyasətində qeyd olunub ki, manatın məzənnəsinə xarici faktorlar təsir göstərəcək.Burada neftin dünya bazar qiyməti, idxalın artması, eyni zamanda xarici borc öhdəlikləri, eləcə də xarici ticarət tərəfdaşlarımızın milli valyutalarının məzənnəsi qeyd olunub.Mərkəzi Bank 2019-cu ilin pul-kredit siyasətində manata təzyiq yaradacaq faktorları ayrıca olaraq qeyd edib.Hesab edirəm ki, manata ən çox təsir edən amillər məhz sözügedən iki faktordur.Əgər 2019-cu ildə neftin dünya bazar qiyməti 45 dollardan aşağı düşərsə və bir müddət həmin intervalda müşahidə olunarsa, bu, manata təzyiqi artıracaq.2019-cu ilin dövlət büdcəsindən neftin qiyməti 60 dollardan götürülüb. Neft 60 dollardan yuxarı olduğu halda, Mərkəzi Banka daha çox manevr imkanları verir. Amma bütün hallarda 2019-cu ildə də manatın dollara nisbətdə məzənnəsinin tənzimlənməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq.Biz 2019-cu ildə dollara tələbin necə dəyişəcəyini proqnozlaşdıra bilərik.Çünki cari ilin dövlət büdcəsi xərcləmələri əvvəlki illə müqayisədə daha çox nəzərdə tutulub.Fiskal xərclər çox olduğuna görə, təbii ki, idxala da tələbi artıracaq.Eyni zamanda neft bazarındakı volunterlik də psixoloji olaraq tələb yaradır.Bu kontekstdən bizim proqnozlar göstərir ki, 2019-cu ilin aprel, avqust və dekabr aylarında dollara tələb daha yüksək olacaq.Amma bütövlükdə məzənnənin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Bu baxımdan büdcədən xərcləmələrin artdığını və bu il də idxalın artmasını proqnozlaşdırıldığını nəzərə alsaq, dollara tələb yenə də yüksək olaraq qalacaq. Bu baxımdan dollara tələbin artacağı proqnozlaşdırılandır.Amma milli valyutanın məzənnəsinin necə dəyişməsi inzibat olaraq Mərkəzi Bankın qərarından asılı olacaq”.

Oxşar xəbərlər