
Mövzu ilə bağlı Ölkə.az-a danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev bildirib ki, ət məhsullarının təhlükəsizliyi onların mənşəyindən çox, emal və saxlanma şəraitindən asılıdır.
Onun sözlərinə görə, Hindistandan, Monqolustandan gətirilməsinə görə birbaşa ətin zərərli olduğunu demək uyğun olmaz:
"Əsas məsələ həmin məhsulların beynəlxalq sanitar qaydalara uyğun şəkildə istehsal, daşınma və sertifikatlaşdırma prosesləridir. Hindistan və Monqolustanda ixrac üçün nəzərdə tutulan ət məhsulları aidiyyəti üzrə qaydalara əsasən yoxlanılır. Bu ölkələrdə ixrac üçün xüsusi sertifikatlı müəssisələr fəaliyyət göstərir. Yəni bu müəssisələrdə ət heyvanları baytarlıq nəzarətindən keçir, xəstəliklərə qarşı peyvəndlənir və yalnız sağlam heyvanlardan ət əldə olunur. Nəzərə almaq lazımdır ki, bəzi hallarda ucuz bazarlarda satılan ətlər rəsmi idxal kanalları ilə gəlmir. Qeyri-leqal yollarla ölkəyə daxil ola bilər. Belə məhsullar nə müvafiq laborator analizdən, nə də sanitar nəzarətdən keçir. Təhlükə də məhz bu nöqtədə yaranır.
İdxal olunan ətlərin əksəriyyəti dondurulmuş formada gətirilir. Donma prosesi mikroorqanizmlərin çoxalmasını dayandırsa da, onları tam məhv etmir. Əgər bu ətlər daşınma və saxlanma zamanı lazımi temperatur rejimində qorunmazsa, bakteriyalar yenidən aktivləşə və zəhərlənmə riski yarada bilər. Etiketdə məhsulun mənşə ölkəsi, istehsal tarixi və saxlanma temperaturu göstərilməlidir. Ət tam dondurulmuş və buz təbəqəsi nazik olmalıdır. Qalın buz qatları ətin bir neçə dəfə dondurulub-əridildiyini göstərə bilər. Qoxu və rəng normal olmalıdır. Boz və ya yaşıl rəng ətin xarab olmasının əlamətidir".
Qida tədqiqatçısı qeyd edib ki, Hindistan kimi tropik ölkələrdə bəzi zoonoz xəstəliklər daha çox yayılıb:
"Buna görə də həmin ölkələrdən gətirilən ət məhsullarının yalnız beynəlxalq sertifikatı olan müəssisələrdən alınması vacibdir. Sertifikatsız ətlərin istifadəsi qaraciyər, bağırsaq və immun sisteminə zərər vura biləcək bakterial və parazitar infeksiyalara səbəb ola bilər.
Bəzi idxal ətləri antibiotik qalıqları, heyvan böyütmə hormonları daşıya bilər. Bu isə uzunmüddətli istifadədə orqanizmdə antibiotikə davamlı bakteriyaların yaranmasına və hormonal balans pozuntularına gətirib çıxara bilər. Buna görə də rəsmi baytarlıq laboratoriyalarında analizdən keçməyən ət məhsullarının istehlakı tövsiyə edilmir.
Yerli istehsal olunan ətlər adətən təzə olur. Daha az məsafə qət etdiyinə qida zəncirində risk faktoru azdır. Amma onların qiyməti yemin, enerji xərclərinin və logistikanın artması səbəbindən bahalaşır. İdxal ətləri isə böyük həcmdə gətirildiyi üçün ucuz başa gəlir. Burada əsas məsələ nəzarət səviyyəsidir".