İdxalın ən yüksək olduğu aylar gəlir - Dollar qalxa bilər

İdxalın ən yüksək olduğu aylar gəlir - Dollar qalxa bilər Manatın dollar qarısında yenidən bir qədər ucuzlaşması, cəmiyyətdə manatın nə qədər ucuzlaşa biləcəyi barədə müzakirələri yenidən artırıb

Bir neçə gün öncə Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Manatın məzənnəsinə təsir edən əsas faktor idxalın səviyyəsidir və idxalın səviyyəsindən asılı olaraq manatın məzənnəsi dəyişə bilir. İdxalın səviyyəsi artdıqca, manatın məzənnəsi zəifləyir, idxal azaldıqca manatın dəyəri artır.

Sual yaranır, bəs Azərbaycanda idxal ən çox hansı aylarda yüksək olur?

“Marja” Dövlət Gömrük Komitəsinin məlumatları əsasında müəyyən edib ki, Aprel, May, İyun və İyul ayları Azərbaycanda idxalın ən yüksək olduğu aylardır. Azərbaycanın idxalının təxminən 35-40%-i bu 5 ay ərzində həyata keçirilə bilir.

Adətən Yanvar ayında idxal ən aşağı səviyyədə olur. Fevral və Mart aylarından başlayaraq idxal artmağa başlayır. Aprel idxalın ən yüksək olduğu aylardan biri olur. May-İyul ayları idxal yüksək həcmdə qalır, Avqust-Sentyabr aylarında idxal nisbətən aşağı düşür, Oktyabr – Dekabr aylarında isə idxalın həcmi yenidən artır. Adətən Dekabr ayında idxal ən yüksək səviyyəyə çıxır.

Təbii ki, idxalın artması ilə dollara da təlabat artacaqdır. Azərbaycanın bu il idxalının 9 milyard dollar civarında olacağı proqnozlaşdırılır. Mart ayı xaric, qarşıdakı 4 aylıq idxal üçün ən azı 3 milyard dollar tələb olunacaqdır.

“İdxalın səviyyəsi artdıqca, manatın məzənnəsi zəifləyir” açıqlamasına inansaq, qarşıdakı aylarda Manatın bir qədər də ucuzlaşacağını ehtimal edə bilərik. “Marja”nın proqnozuna görə, Mərkəzi Bank mövcud imkanlar daxilində rəsmi USD/AZN məzənnəsinin 1.75 səviyyəsini aşmasına imkan verməməyə çalışacaqdır. Bu səviyyədən yüksək səviyyələrin indiki mərhələdə iqtisadiyyata zərər verəcəyi, idxal məhsullarını daha da bahalaşdıracağı şübhəsizdir. Əgər neftin qiyməti qalxarsa və idxalın həcmi artmasa Manatın sabitləşəcəyini gözləmək olar. Neftin qiyməti yüksəlməsə, hərracda valyutaya tələb təklifdən yüksək qalsa, idxal isə artarsa Manatın daha da zəifləyəcəyini gözləyə bilərik.

Oxşar xəbərlər