Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi maliyyə idarələri rəhbərliyi tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları ilə bağlı demək olar ki, hər gün yeni faktlar üzə çıxır. Gundelik-baku.com-a Zərdab rayonu üzrə Maliyyə İdarəsində cərəyan edən neqativ hallarla bağlı maraqlı informasiyalar daxil olub. Məlumatda deyilir ki, idarə rəisi Cavanşir Məmmədov şəxsi maraqlarının təmin olunmasından ötrü dövlətin qanunlarını pozur və bu da rayon ictimaiyyəti tərəfindən etirazla qarşılanır: «Bu adam rəis keçəndən sonra rayonun yerli idarə və təşkilatlarının rəhbərləri, habelə özəl müəssisələrin rəsmiləri onun yersiz yoxlamalarından cana yığılıblar. İdarə rəisi Zərdab üçün yeni büdcə hazırlayan zaman Maliyyə Nazirliyinə üz tutur. Rayon büdcəsində hər il 500 min manatlıq artım etdirmək üçün bunun 10 faizini lazımi adamlara verməlisən. Həmin pulları büdcədə necə paylaşdırmaq, hansı idarə və müəssisəyə ayırmaq məsələsi isə Cavanşir müəllimlə bağlıdır. Belə ki, o, rayon büdcəsi üçün il ərzində 300 min manat əlavə pul ayırtdırmağa nail olur. Buna görə 30-40 min manatından keçən rəis ardından bu pulların hansı şəkildə silinməsi əməliyyatına başlayır. Birinci silmə əməliyyatı xəstəxanadan başlayır. Hər il dərman, inventar, təmir və yemək alınması məqsədilə 50 min manat ayrılan vəsaitin üst-üstə heç 15 min manatı baş həkimin əlinə gedib çatmır. Çünki Cavanşir müəllim həmin vəsaitin böyük bir hissəsini öz maraqlarına qurban verir. Digər maliyyə əməliyyatı yol idarələri, kitabxanalar və yerli icra nümayəndələrilə əldə olunmuş «anlaşma»ya əsasən həyata keçirilir. Yəni büdcədən onlar üçün ayrılan vəsaitin böyük hissəsi götürülür, yerdə qalanı da verilir adları sadalanan idarələrə». Bizə çatan məlumatlara görə, digər mənimsəmə əməliyyatı rayonda abadlaşdırma və parkların salınmasını əhatə edir: «Məsələn, Zərdab rayonunda parkın salınması üçün dövlət büdcəsindən o qədər pul ayrılır ki, adam buna lap təəccüblənir. Bir sözlə, Zərdab Rayon Maliyyə İdarəsinin rəisi dövlətin malını talan etməklə məşğuldur. Təbii ki, bu kimi məsələlərdə təkbaşına hərəkət etmək mümkün deyil. Çünki park salınması və abadlaşdırma işləri məsələsi birbaşa rayon icra hakimiyyətinin nəzarətində olan məsələdir». Bu arada maraqlı bir məsələni diqqətinizə çatdırmaq istəyirik. Əldə etdiyimiz bilgilərə əsasən, istisna hallarda rayonda olan və gününü Şamaxıda keçirən idarə rəisindən kağız almağın özü ayrıca müsibətdir: «Əgər məmur hər hansı bir maliyyə arayışı və ya sənəd almaq istəyirsə, bunun üçün Zərdabdan Şamaxıya getməli, orada Cavanşir Məmmədovu tapmalıdır. Əks təqdirdə, arzusu reallaşmaya bilər. Cavanşir Məmmədovun Şamaxıya olan sevgisi səbəbsiz deyil. Birincisi, o, uzun müddət bu rayonda Maliyyə İdarəsinin rəis müavini işləyib. İkincisi, çox hörmətli idarə rəisinin bu rayonda həm obyektləri, həm də heyvandarlıq komleksi var. Onun sürüləri yayda Şamaxı dağlarında bəslənirlərsə, qışda Zərdabda yataqda dolaşırlar. O səbəbdən də Zərdab Maliyyə İdarəsinin rəisi Şamaxıda oturub həm özünün biznesini idarə edir, həm də rəisi olduğu rayonun maliyyə işlərini həyata keçirir». Ümid edirik ki, maliyyə naziri Samir Şərifov cənabları idarə rəisi ilə bağlı irəli sürülən ittihamları araşdırıb bir tədbir görəcək.