Ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, hələ də bəzi idarə və müəssisələrdə nöqsanlar qalmaqdadır. Fikir vermisinizsə, son vaxtlar Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbələri ilə bağlı qalmaqallı məsələlər gündəmə gəlməkdədir. Belə ki, nazirliyin ayrı-ayrı şöbələrində büdcə yeyintiləri, habelə digər qanun pozuntuları ilə bağlı xəbərlər yayılmaqdadır. Verilən bilgilərə görə, Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində də müxtəlif xoşagəlməz hallar mövcuddur. Bunun əsas səbəbkarı kimi isə şöbənin müdiri Əsgər Əsgərov göstərilir: «Onun şöbə müdiri postuna təyin edilməsindən artıq xeyli vaxt keçir. Amma bu qurumda mövcud olan köhnə problemlər hələ də həllini tapmayıb. Əksinə daha yeni və ciddi problemlər meydana gəlib. Rayon ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, eləcə də mədəniyyət obyektləri hər ay şöbə müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər. Əks halda şöbə rəhbəri tərəfindən ödənişdən boyun qaçıran obyektin sahibi üçün elə problemlər yaradıla bilər ki, müəssisəyə dəyəcək ziyan aylıq haqqı bir neçə dəfə üstələyər. Rayonda turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə müdir tərəfindən ələ keçirilir. mənimsənilir. Əsgər müəllim rayonun kənd mədəniyyət evlərində, kitabxanalarda və şöbəyə tabe olan digər müəssisələrdə çalışan şəxslərin maaşına göz dikir. O müxtəlif bəhanələrlə işçiləri yığımlara cəlb edir». Məlumatlı mənbənin sözlərinə görə, şöbəyə tabe olan müəssisələrin bir çoxunda “ölü can» maxinasiyası tətbiq edilir: «Digər tərəfdən, rayonda fəaliyyət göstərən bəzi müəssisələr ümumiyyətlə yalnız sənəd üzərində mövcuddur. Əksər mədəniyyət evlərinin və kənd klublarının qapısı illərdir ki, qıfıllıdır. Kitabxana, mədəniyyət evləri və klublarda bir çox işçilərin sadəcə adları maaş cədvəlində qeyd olunub. İşçilərin adlarına yazılan əmək haqqları isə yenə də şöbənin rəhbərliyinə çatır. Şöbə müdiri həmçinin ezamiyyət adı altında da böyük məbləğdə vəsaiti öz büdcəsinə yönəldir. Şəmkirin mədəniyyətini və tarixini özündə əks etdirən mədəni-tarixi abidələr böyük əhəmiyyət kəsb edir. Bunlardan əsas olaraq Muxtariyyə kəndində VII-VIII əsrlərə aid Şəmkir qalası, Şəmkir körpüsü, XI əsrə aid Şəmkir minarəsi, Şəmkir şəhər xarabalığı, rayon ərazisində qədim insan məskənlərindən biri hesab edilən Dağ-Daşbulaq kəndində Alban abidəsi – Pir daha maraqlıdır. Zəyəm çayı üzərində körpü, Şəmkir şəhərində “Köroğlu” qalası əsrlərə sirdaş, tariximizin zəngin yaddaşıdır. Bütün bunlar bir daha təsdiq edir ki, rayonda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin təəssüflər olsun ki, bu gün rayonun mədəniyyət və turizm şöbəsinə rəhbərlik edən Əsgər müəllim üzərinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini tam ciddiliyi ilə dərk etmir». İddialara əsasən, Əsgər Əsgərov bütün bu qanunsuzluqları Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun razılığı ilə həyata keçirir. Maraqlıdır, görəsən başçının bu işlərdə nə marağı var? Sonda nazir Əbülfəs Qarayevə müraciət edib demək istəyirik ki, Şəmkir Mədəniyyət və Turizm Şöbəsində özbaşınalıq və yeyinti halları mövcuddur. Odur ki, şöbədə təcili olaraq yoxlama həyata keçirilməlidir.