Su Təsərrüfatı İşçilərinin “Həmkarlar”a ödədikləri milyonlar

Su Təsərrüfatı İşçilərinin “Həmkarlar”a ödədikləri milyonlar Akif Məmmədov AHİK rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (STİHİRK) yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapmaqdadır. İddialara görə, bu gün bütün ölkədə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən hansısa bir hüququ müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq çox çətin məsələdir. Mövzuya dair qəzetimizin ötən saylarında dərc etdiyimiz yazılarda da biz dəfələrlə vurğulamışıq ki, bu gün ölkədə fəaliyət göstərən müxtəlif həmkarlar təşkilatları, əslində təmsil etdikləri sahələrdə çalışan insanların deyil, bilavasitə həmkarlar iyerarxiyasının üst pillələrində duran şəxslərin mənafeylərinə xidmət edirlər. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda STİHİRK-nin sədri Akif Məmmədovun da fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapır. Qeyd edək ki, Akif Məmmədov 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmışdır. 1975-ci ildə Bakı Kanalizasiya İdarəsində texnik kimi işə başlamış, 2006-cı ilədək həmin idarədə mühəndis, iş icraçısı, baş mühəndis və Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilmişdir. 2012-ci ildə həmin vəzifəyə təkrar seçilmişdir. AHİK Məclisi və İcraiyyə Komitəsinin üzvüdür. Göründüyü kimi, Akif Məmmədovun “həmkarların iyerarxik nərdivanında” tutsuğu pillələr heç də əhəmiyyətsiz deyil. Mənbələr isə iddia edirlər ki, bu məmurun (bəlkə artıq “ictimai məmur” kimi bir anlayışın da dövriyyəyə daxil edilməsinin vaxtıdır?) məhz həmkarlar strukturlarında əldə etdiyi var-dövləti də, tutduğu vəzifəyə tamamilə uyğun gəlir. Bildirilir ki, Akif Məmmədov həyata keçirdiyi müxtəlif maxinasiyaların sayəsində hazırda kifayət qədər zəngin bir insana çevrilmişdir. Bu maxinasiyalar isə, ilk növbədə təbii ki, ətrafında 70-dən çox təşkilatda 10 000 nəfər üzvün birləşdiyi Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin vəsaitlərinin mənimsənilməsi məqsədinə xidmət edir. Təəssüflər olsun ki, STİHİRK-nin xəttilə Akif Məmmədov kimi bir çox “həmkarlar fəalları” milyonlar qazansalar da, qurum hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. İttifaqın sədri Akif Məmmədovdan isə, müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri məbləğ yüz min manatdan artıq hesablanır. Bir il ərzində isə, bu vəsait bir milyon manatı keçir. Lakin bu gün yığılan bu böyük məbləğdə vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara sıravi işçilər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin, o cümlədən Akif Məmmədovun mənafeyinə xidmət edir. Eyni zamanda da bizimdovr.az-a daxil olan məlumatlarda birmənalı olaraq vurğulanır ki, bu STİHİRK-nin sədri ittifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır…

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Oxşar xəbərlər