Məlum olduğu kimi meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Qəbələ rayonu xüsusi gözəlliyə malikdir. Rayonun cənub sərhəddində hələ 1958-ci ildə 22.400 ha sahədə arid (quraq) dağ meşə və kol (arcan, saqqız, yabanı nar, meşə üzümü və s) lantşaftını mühafizə etmək məqsədi ilə Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır. 1961-ci ildə qoruğun Qəbələ rayonuna daxil olan 6.994 ha sahəsi qoruq ərazisindən ayrılaraq Qəbələ meşə təsərrüfatı idarəsinin nəzarətinə verilmişdir. Hazırda Türyançay Dövlət qoruğu rayonun cənub-qərb sərhəddini təşgil edir. 1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitgiləri, elecə də nəsli kəslimək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanılar mühafizə olunur. Lakin son illər Qəbələ meşələrinin başı üzərini ciddi təhlükə alıb. Bu haqda yerli sakinlər tərəfindən artıq neçə müddətdir ki, müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda da bildirilir. Məktublarda bildirilir ki, son vaxtlar rayonun meşələri mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Rayondakı vəzifəli şəxslərə məxsus mebei və parket sexlərinə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılıb satılmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələri də məlumatlıdır. Mənbələrin iddialarına görə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Abdulla Kərimovun meşə zolaqlarının salınması istiqamətində guya ki, görülmüş işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdiyi hesabatlar yalnız görüntü xarakteri daşıyır. Qəbələ meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri bu gün ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Məlum olduğu kimi turizm bölgələrində yerləşən ərazilərdə meşəlikdən təmizlənmiş torpaq sahələri kifayət qədər baha qiymətə satılır.Meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Maraqlıdır, görəsən bu gün Qəbələ meşələrinə sadəcə xammal bazası kimi münasibət göstərən Abdulla Kərimov və onun havadarları bu göstəricilərdən xəbərdardırlarmı? Ümid edirdik ki, ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Meşələrin İnkişafı Departamentinin rəhbərliyi materialın dərcindən sonra məsələnin təfərrüatlarını araşdıracaq və qarşıya qoyulan suallara müəyyən aydınlıq gətirəcəklər. Eyni zamanda biz Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Abdulla Kərimovun da mövqeyini dərc etməyə hər zaman hazırıq.