Sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 gün ərzində 30 illik həsrət və nisgil bitdi, Azərbaycan döyünən ürəyinə, bir parçasına qovuşdu. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuz Azərbaycan tarixində yeni salnamə yazdı.
Ordumuzun Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo¬nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq-larını döyüşdə sübuta yetirdilər.
Ölkə başçısı 17 illik fəaliyyəti dövründə hər zaman xalqımıza müraciətlərində Qarabağdan söhbət açıb, onun bir gün geri qaytarılacağını əminliklə söyləyib. Beynəlxalq təşkilatların kürsülərində, xarici qonaqlarla görüşlərində eyni fikirlər hər dəfə səslənib. Bütün bunlar isə Prezidentimizin ötən 17 ildə söylədiyi sözlərin arxasında həm də bu sözlər dəyərində ordu quruculuğu prosesini uğurla həyata keçirdiyini, Ali Baş Komandanımızın sözlə əməl vəhdətini təsdiqlədi.
Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə görülən genişmiqyaslı işlər bu torpaqlara yenidən həyatı qaytarır.
Sabunçu rayonu, 255 nömrəli tam orta məktəbin
müəllimi Günay Həmzəyeva