Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 noyabr, artıq yalnız bir təqvim günü deyil, xalqımızın qürur zirvəsidir. Bu gün Azərbaycan xalqının birlik və dönməz iradəsinin rəmzinə çevrilmiş Zəfər Günüdür. Beş il əvvəl əldə olunan bu möhtəşəm qələbə, yüz illər boyu xalqımızın yaddaşında yaşayacaq və gələcək nəsillərə qürur mənbəyi olacaq.2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi. Bu qələbə təkcə hərbi nailiyyət deyildi, həm də mənəvi üstünlüyün, milli birliyin təcəssümü idi. 28 illik həsrətin bitməsi, hər bir azərbaycanlının qəlbində ümid çırağını yenidən alovlandırdı.
Şuşanın azad edilməsi, İkinci Qarabağ müharibəsinin taleyini dəyişən ən önəmli məqamlardan biri oldu. Bu gün artıq bütün dünya çox yaxşı bilir ki, Azərbaycan öz haqqını, öz torpaqlarını öz gücü, öz ordusu və öz lideri ilə qorumağı bacardı. Bu, xalqın gücünün və dövlətin qətiyyətinin ən möhtəşəm sübutudur.
Qağaməli Seyfullayev bildirir ki, Zəfər Günü heç vaxt yalnız bir tarixi hadisə kimi qalmayacaq. Bu gün, Azərbaycanın dirçəliş və yenidən qurulma dövrünün başlanğıcıdır. İşğaldan azad olunmuş torpaqlarda bu gün həyat bərpa olunur, yollar çəkilir, evlər tikilir, məktəblər, xəstəxanalar, infrastruktur qurulur.

Bir zamanlar viran qalmış şəhərlər və kəndlər bu gün yenidən dirçəlir. Dövlətimizin iradəsi və Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ bölgəsi yeni nəfəs alır. Bu torpaqlar yalnız azad edilmədi, həm də inkişafın, müasirliyin və təhlükəsizliyin məkanı halına gəlir.
Artıq Qarabağa və Şərqi Zəngəzura qayıdış başladı. İnsanlar doğma yurdlarına dönür, ocaqlarını yenidən yandırır, torpaqlarına sahib çıxırlar. Bu gün Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və digər rayonlarda müasir şəhərsalma layihələri həyata keçirilir. Hər yeni tikilən ev, hər açılan məktəb, hər bir yol Azərbaycanın dövlət gücünün simvoludur.
Qağaməli Seyfullayev qeyd edir ki, bu uğurlar Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsidir. Dünya siyasətində söz sahibinə çevrilən liderimiz Azərbaycan həqiqətlərini beynəlxalq tribunalarda inamla müdafiə edir və ölkəmizin mövqeyini daha da gücləndirir. Bu gün Azərbaycan qalib ölkə, qalib xalq, qalib Ordudur.
Zəfərdən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması dünyanın heç bir ölkəsində bu qədər qısa zamanda bu səviyyədə həyata keçirilməyib. Bu, həm iqtisadi gücün, həm siyasi ağırlığın, həm də xalq-dövlət birliyinin nəticəsidir. Ərazinin minalardan təmizlənməsi, tamamilə yeni şəhərlərin qurulması və "ağıllı kənd" layihələrinin tətbiqi dünyaya nümunədir.
Qarabağ artıq təkcə azad ərazi deyil, inkişaf edən, istehsal edən və regional iqtisadi mərkəzə çevrilən bir yurd olur. Turizm, kənd təsərrüfatı, sənaye və mədəniyyət sahələri üçün böyük imkanlar açılır. Bu gün orada işıq yanır, tikinti səsi eşidilir, həyat canlanır.
Ən önəmlisi, şəhidlərimizin qanı yerdə qalmadı. Bu torpaqlarda yüksələn hər bina, salınan hər küçə, ucaldılan hər bayraq onların ruhuna ehtiramdır. Zəfər Gününə aparan yol məhz şəhidlərimizin fədakarlığı üzərində quruldu və xalqımız bu qəhrəmanlığı heç vaxt unutmayacaq.
Qağaməli Seyfullayev vurğulayır ki, bu gün hər bir azərbaycanlı Prezidentimizin yanındadır. Dövlət və xalq birliyi həm müharibədə, həm də quruculuqda öz gücünü göstərir. Qarabağla bağlı aparılan hər iş təkcə bir bərpa prosesi deyil, gələcək nəsillər üçün yaradılan möhtəşəm mirasdır.

Beş il əvvəl əldə olunan Zəfər bu gün də eyni qürurla yaşanır. Qalib ölkənin vətəndaşı olmaq hissi hər kəsi daha da gücləndirir, daha da birləşdirir. Qarabağa qayıdan insanlar yalnız evlərinə deyil, azadlığa, təhlükəsizliyə və sabaha qayıdırlar.
Ölkəmiz inkişaf edir, ordumuz daha da güclənir, beynəlxalq arenada nüfuzumuz artır. Bütün bunların təməlində isə 8 noyabr Zəfər Günü dayanır. Bu tarixi gün Azərbaycanın gücünü, sözünü və iradəsini dünyaya sübut etdi.
Bu gün Qarabağda ağaclar əkilir, çinarlar kök salır, həyat yenidən canlanır. Uşaqlar məktəbə gedir, ailələr ocaqlarını qurur, işıq dirəkləri parlayır, yollar çəkilir. Bir vaxtlar dağıdılan şəhərlərin yerində indi müasir, əzəmətli, inkişaf etmiş Azərbaycan yüksəlir.
Zəfərin yaratdığı ruh və qürur hər bir azərbaycanlının qəlbində yaşayır. Tarix göstərdi ki, haqq, ədalət və güc birlikdə olanda heç bir düşmən qarşısında dayana bilməz. Biz torpaqlarımızı azad etdik, indi isə onları cənnətə çeviririk.
Qağaməli Seyfullayev yazır ki, 8 noyabr yalnız keçmişimizin yox, gələcəyimizin də rəmzidir. Bu tarix, bizi daha da güclü edən, daha da irəli aparan milli mənəviyyatın simvoludur. Hər bir azərbaycanlı bu qələbənin sahibi, bu quruculuğun iştirakçısıdır.
Bu gün biz fəxrlə deyirik: Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır! Bu qalibiyyət əbədi olacaq. 8 noyabr – Zəfər Günün mübarək, Azərbaycan!