Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün təkcə dövlətimizin başçısı İlham Əliyevin yaxın son illərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrə, eyni zamanda, həmin ölkələrin prezidentlərinin Azərbaycana səfərlərinin say tərkibinə, səfərlərin məqsəd və məramına, keçirilən görüşlərdə müzakirə olunan məsələlərin aktuallığına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman türk dünyasının birliyinə davamlı töhfələr verir. Məhz bu töhfələrin nəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görüldü.
Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi Türk Dövlətləri Təşkilatının çəkisini və perspektivini göstərir.
Hal-hazırda Türk dövlətlərinin qarşılıqlı səfərləri davamlılığı ilə diqqətdədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana reallaşdırdığı dövlət səfəri də türk dünyasının birliyinə böyük töhfə olacaq və iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Yüksəksəviyyəli bu səfər zamanı əvvəlcə iki dövlət başçısının məhdud tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib və dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Daha sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
İki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafında dövlət başçılarımızın sıx münasibətləri mühüm rol oynayır. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək.
Çingiz Tağıyev - Qarabağ qazisi