Tarixi Qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cənab Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Şəhərlər üçün azadlıq günlərinin təsis edilməsi Vətən Müharibəsi (İkinci Qarabağ Müharibəsi) illərində əldə edilmiş tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Bu sərəncama əsasən, hər il oktyabr ayının 4-də Cəbrayıl Şəhəri Günü xüsusi qeyd olunur. Cəbrayıl rayonunun işğalı nəticəsində maddi-mədəni abidələrimiz dağıdılmış, məqbərələr, türbələr, qalalar, məscidlər məhv edilmişdir. Lakin inanırıq ki, dövlətimizin qüdrəti sayəsində bu abidələr qısa müddətdə bərpa edilərək gələcək nəsillər üçün qorunub saxlanacaq. Doğma torpaqlarımızın öz əzəli sahiblərinə geri qaytarılması bizim şərəfli tariximizdir. Azərbaycan xalqı tarixinin ən şərəfli günlərini yaşayır və bu şərəfli günlərdən biri də Cəbrayılın işğaldan azad edildiyi gündür.
Rəşadətli Azərbaycan ordusu 2020-ci il oktyabrın 4-də Cəbrayılı geri qaytararaq 28 ildir davam edən işğala son qoydu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. 2020-ci il oktyabrın 7-də Azərbaycan bayrağı necə də qürurla Cəbrayılın mərkəzində dalğalandı. Vətən müharibəsi başladıqdan sonra Azərbaycan Ordusunun ilk azad etdiyi kəndlər içərisində də Cəbrayılın kəndləri vardı. Rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günü düşmən işğalından azad edilib, ümumilikdə həmin ərazidə aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd azadlığına qovuşub. 1993-cü ildə Cəbrayılın mənfur ermənilər tərəfindən işğalı nəticəsində tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsü də düşmən əsarəti altına alındı. 2020-ci il oktyabr ayının 18-də igid əsgərlərimiz Xudafərin körpüsü üzərində bayrağımızı ucaltdılar. Qədim dövrlərdən bir çox tarixi hadisələrə, müharibələrə, işğallara şahid olan Xudafərin körpüsü 2020-ci ildə Azərbaycan ordusunun möhtəşəm Qələbəsinə şahidlik etdi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gəldilər. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonundakı tarixi Xudafərin körpüsünün düşməndən azad edilməsi və Azərbaycan bayrağını Müzəffər Ali Baş Komandan İlham Əliyevin həmin körpüdə ucaltması Vətən Müharibəsi tarixinə qızıl hərflərlə həkk olunmuş əlamətdar məqamlardan biridir. Çünki xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm də milli qürur mənbəyimizdir.
Xudafərin körpüsündə bayrağımızın ucaldılması tariximizə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən biridir. Xudafərin körpüsü xalqımızın qədim irsinin və birliyinin təmsili kimi öz mədəni əhəmiyyətini həmişə qoruyub saxlamışdır. XI-XII əsrlərə aid edilən Xudafərin körpüsü tarixən coğrafi və strateji mövqeyi ilə seçilib. Bu körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Bu körpü Azərbaycanın bir çox dünya ölkələri ilə Yaxın və Orta Şərq ölkələri, Qərbi Avropa ölkələri və Rusiya ilə iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Qədim İpək Yolu üzərində mühüm ticarət yolu kimi xidmət edən tarixi əsərdir. Xudafərin körpüləri Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan Xudafərin körpüsü düşmən vəhşiliklərinə baxmayaraq bu gün də öz mövcudluğunu qorumaqdadır. Bu memarlıq möcüzəsi iki ayrı körpüdən ibarətdir. Onlardan "Baş Xudafərin körpüsü" adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Körpülər Azərbaycan və İran arasında təbii sərhədi təşkil edən Araz çayı üzərindən keçir. Əsrlər boyu bu çay və onu kəsən körpülər sivilizasiyalar arasında mədəni, iqtisadi və siyasi mübadilələrin mərkəz nöqtəsi olmuşdur. Onlar Azərbaycanın zəngin irsini təcəssüm etdirir, onun Şərqlə Qərbin kəsişmə nöqtəsi rolunu, eləcə də tarix boyu çoxsaylı işğallar və siyasi dəyişikliklər qarşısında dayanıqlığını simvollaşdırır.
Xudafərin körpüləri gələcək iqtisadi inkişaf və regional əməkdaşlıq üçün potensiala imkanlara malikdir. İşğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır. Münaqişə səbəbindən təcrid olunmuş körpünün ətrafı hazırda yenidən qurulur və inkişaf etdirilir, yeni infrastruktur layihələrinin icrasına başlanılır. Bununla yanaşı, körpünün və ətraf ərazilərin bərpası turizm üçün imkanlar açır, çünki ziyarətçilər regionun ən görkəmli tarixi yerlərindən birini kəşf edə bilərlər. Ərazinin təbii gözəlliyi, zəngin tarixi ilə birləşərək, həm yerli, həm də beynəlxalq turistləri cəlb edəcək, körpünün Azərbaycanın mədəni irsinin simvolu rolunu və gələcəyə baxışını daha da möhkəmləndirəcək.
Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Məhin Hacıyeva