Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür

Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.

İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri həm də simvolik abidə hesab olunur. Azərbaycan memarlıq məktəbinin bu əzəmətli abidəsi dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir.

Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Qarabağda parlaq qələbələrə imza atan müzəffər Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı. Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

Hazırda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam etdirilir.


Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Rayonun, o cümlədən Xudafərin körpüsünün işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, bu ilin mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirak edib. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır, layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək.

Oxşar xəbərlər