Azərbaycan xalqının tarixinə şanlı, uğurlu ay kimi düşən sentyabr ayı həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı. 2023-cü il 19-20 sentyabr əməliyyatı erməni separatizminə Azərbaycan torpaqlarında birdəfəlik son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.2020-ci ildə olduğu kimi, bu əməliyyatı zəruri edən Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatçı hərəkətlər oldu. Bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejimini qoruyub saxlayan İrəvan onun maliyyələşdirmə prosesini həyata keçirirdi. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.
Peşəkar Ordumuz Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Antiterror tədbirləri zamanı bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023- cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub. Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə