Son zamanlar Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan arasında münasibətlərdə daha böyük canlanma müşahidə olunur.Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra - 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycanla Özbəkistan tarixən də bir-birinə bağlı olub. Ötən əsrin 66-cı ilində baş verən şiddətli zəlzələdən sonra ölkənin paytaxtı Daşkəndin bərpasında azərbaycanlılar da fəal iştirak ediblər. Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan, Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. 1997-ci il iyunun 18-19-da ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər içərisində “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Strateji münasibətlərin əsasını qoyan həmin sənəddə bildirilir ki, tərəflər keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdiklərini ifadə edirlər.Vurğulamaq lazımdır ki, rəsmi Daşkənd artıq tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirmişdir. Bu ilin 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri zamanı Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olmuşdur. Bu tarixi hadisə Azərbaycan və Özbəkistan arasında dostluq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Azərbaycan və Özbəkistan liderlərinin siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında münasibətlər də inkişaf etdirilib, yüksək səviyyəyə çatdırılıb və bundan sonra daha da zirvələrə qalxacaq. Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğundan, dövlət başçılarının qarşılıqlı səfərləri energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı üçün möhkəm zəmin yaradır. Qarşılıqlı əməkdaşlığımız neft-qaz, neft və neft-kimya məhsullarının ticarəti, enerji sektorunda təcrübə və məlumat mübadiləsi kimi sahələri əhatə edir və ölkələrimiz arasında energetika sahəsində imzalanmış sənədlər bu istiqamətdə əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirilməsi, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında əməkdaşlığı genişləndirir.
Prezident İlham Əliyev 22 avqust tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etmişdir: “Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir.Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik”.
Bir sözlə, regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı