Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik

Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik Azərbaycan bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, yaradılmış infrastruktur, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın uzaq ölkələri ilə milli maraqlarımıza cavab verən əlaqələr yaradaq. Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması da bununla bağlıdır.
Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov demişdi: “Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.
2023-cü il iyulun 26-da Çolpon-Ata şəhərində Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir.
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Birgə Bəyannaməsi”ni imzalayıblar. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb.
Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri keçiriləcək. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı böyük mədəni hadisədir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.
Prezident İlham Əliyev: “Bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik”.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Töhfə Bilalova



Oxşar xəbərlər