“Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və bütün Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərini işğaldan azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis edib. Artıq biz Novruz bayramını qalib xalq olaraq işğaldan azad edilmiş ərazilərdə qeyd edirik”. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni adət-ənənələr əmələ gəlib və nəsildən-nəsilə ötürülüb: “Novruz bayramının zəngin tarixini və rəngarəng folklorunu özündə ehtiva edən papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürmək kimi adətlər bu bayramın əsas simvollarındandır.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. Baharın gəlişindən xəbər verən çərşənbələr Novruz bayramının əsas simvollarındandır. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir. İlin axır çərşənbələrindən ikincisi isə od çərşənbəsi adlanır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - Topraq çərşənbəsidir. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Novruz bayramı hər il ölkəmizdə xüsusi coşğu ilə bütün ölkədə konsertlər, tamaşalar keçirilməklə qeyd edilir. Bu bayramın əsas simvollarından olan keçəl və kosanın tamaşası bayrama xüsusi maraq qatır. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin mübahisəsinin rəmzi bundan ibarətdir. Novruz bayramı Azərbaycan incəsənətində də mühüm yer tutmuşdur. Xalqımızın dahi sənətkarları Novruz bayramı haqqında müxtəlif şeirlər yazmış, mahnılar bəstələmiş, filmlər çəkmişlər. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisləri doğurur”.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Nərgiz Rəsulova