Xalqımızın keçmişini, bugününü özündə yaşadan elə bayramlarımız var ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin sevilən mövzularından biri olmuşdur. Belə bayramlardan biri də Novruz bayramıdır. Novruz bayramı Şimal yarım kürəsinə, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan xalq arasında bir ənənəyə çevrilən qədim xalq bayramıdır. Novruz - “Yeni gün” deməkdir.
Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Oqtay Zülfüqarov kimi görkəmli bəstəkarlar Novruz bayramı haqqında müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz bayramı haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan televiziya filmləri çəkilib. Bununla yanaşı “Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə çəkdiyi “Dəli kür” bədii filmində Novruz bayramının adət-ənənələri çox gözəl təsvir olunub.
Həmçinin rəssamlarımız da Novruz bayramı, onun mərasimləri, rəmzləri ilə bağlı müxtəlif əsərlər yaradıblar. Rəssam Arif Hüseynovun Novruz silsiləsindən “Od çərşənbəsi”, “Yel çərşənbəsi” əsərləri bu movzuda işlənmişdir.
Novruz insanlar arasında birlik və mehribanlıq, torpağa, insanlara məhəbbət, ruzi-bərəkət bayramıdır.
Novruz xalqımızın çox sevimli milli bayramıdır. Bəzi qədim inanclara görə kainat dörd ünsürdən – su, od, külək və torpaqdan yaranıb. Xalqımız bu ünsürlərin hər birini simvolizə edən Novruz öncəsi dörd çərşənbəni böyük sevinclə qarşılayır
Bu çərşənbələrdən sonra el Novruzu qarşılayır.
Novruz süfrəsinin hazırlanmasına axır çərşənbədən başlanır. Süfrəyə qoymaq üçün Novruz şirniyyatı bişirilir. Novruz hazırlıqları bəstəkarlarımızın mahnılarında da öz əksini tapır. O.Kazıminin “Bayram olsun”, R.Mirişlinin “Bayram axşamlarında”, C.Quliyevin “Novruz gəlib”, M.Əhmədovanın “Bayram mahnısı” və s.
Azərbaycanda lap qədimdən Novruz bayramı ərəfəsində “Sayaçı”, “Yel baba”, “Qodu-qodu”, Kosa-kosa”, “Qaravəlli”, və s. kimi milli xaq oyunları oynanılardı.
Novruzda “Mirzeyi”, “Vağzalı”, “Uzundərə”, “Novruzu”, “Novruzgülü” və s. milli rəqslər oynanılır. Novruz bayramında Yallı, Cəngi növlü rəqslərin və Halay, Haxışda, Gülüm hey növlü mahnı-rəqslərin həm instrumental, vokal, həm də xoreoqrafik ifası mühüm yer tutur.
Novruzun gəlişi, yaz fəsli, onun təbiəti, gözəllik əlamətləri XVI əsrdən etibarən aşıq şeirində də öz poetik tərənnümünü tapmışdır. XVI əsrin aşığı və şairi Aşıq Qurbanidən başlayaraq, XX əsr də daxil olmaqla ustad aşıqların yaradıcılığında bu mövzuya müraciət olunmuşdur.
“Baharı", "Bayramı" klassik aşıq havaları bahar və bayram ənənələrinin musiqi dili ilə bədii-emosional, duyğusal ifadəsidir.
Bəzi qaynaqlarda ayrıca bir "Novruz" muğamı haqqında da məlumat verilir.
XX əsrdə Azərbaycan musiqisinə Novruz mövzusunu daxil edən ilk bəstəkar dahi Üzeyir Hacıbəyli olmuşdur. O, sözləri və musiqisi özünə aid olan "Bahar nəğməsi" adlı mahnının müəllifidir. Ondan sonra gələn bəstəkarlar musiqinin müxtəlif janrlarında baharın gəlişini və bayramı tərənnüm edən müxtəlif əsərlər yazmışlar. Novruz töhfəsi musiqili səhnə əsərlərində də öz tərənnümünü tapır.
Novruz bayramı ümumilikdə xalqı birləşdirən və ölkəmizin hər yerində böyük çoşqu ilə keçirilən milli bayramımızdır.
Artıq bu bayram tariximizə qızıl hərflərlə həkk olunan, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən sonra milli mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK.
Ramana qəsəbəsi, 198 nömrəli tam orta məktəbin
musiqi müəllimi Püstə Xanəliyeva