2 fevral 1997-ci ildən etibarən bu gün ölkəmizdə “Gənclər günü” kimi qəbul edilmiş və ölkə səviyyəsində qeyd olunmağa başlanmışdır .Bu tarixdən əvvəl də dövlət siyasətinin prioritet istiqamətini gənclərlə iş təşkil edirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də gənclərə, onların təhsilinə diqqət artırılmış tələbələrə “prezident təqaüdlərinin” ayrılması, gənclərin başqa ölkələrdə təhsil ala bilməsi üçün böyük imkanlar yaradılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə gənclərin inkişafına xidmət etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır.
Müəyyən dövrlərdə gənclər forumları keçirilmiş, 1996-cı il 2 fevral tarixində təşkil olunmuş Azərbaycan Gənclərinin I Forumunda gənclər qarşısında böyük vəzifələr qoyulmuşdur. Azərbaycanın hər bir gənci dövlətin bu günü, gələcəyi haqqında düşünməlidir.
Gənclər siyasəti Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra da davam etdirilməkdədir. Gənclərə dəstək olmaq məqsədi ilə savadlı kadrların yetişməsinə xidmət edən müəyyən təşkilatlar yaradılmış, gənclərə təcrübə imkanları verən Karyera Mərkəzləri təşkil olunmuş, gənc ailələrin sosial təminatına yönələn tədbirlər həyata keçirilmişdir. Ölkəmizin gəncləri daim Könüllülük fəaliyyətləri ilə məşğul olmuş, bu həm onların inkişafına həm də ölkəmizin burada keçirilmiş yarış və müsabiqələrdə yüksək səviyyədə təmsil olunmasına xidmət etmişdir. “Könüllü” gəncləri stimullaşdırmaq məqsədi ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” olaraq elan edilmişdir.
Ölkəmizdə gənclər siyasəti özünü idman sahəsində də göstərir. Belə ki , Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə idmana qayğı daha da genişləndirilmişdir. Ölkəmizin ərazisində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır. Bunun nəticəsi olaraq bir çox gənclər idman sahəsinə yönəlmiş, bu sahədə böyük uğurlar qazanmışlar.
Mustafa Kamal Atatürkün də dediyi kimi “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” Həqiqətən də müasir dünyagörüşlü, ölkə inkişafına təkan verəcək gəncləri yetişdirmək müəllimlərin əlindədir. Buna görə də ölkəmizdə müəllimlərə daim diqqət və qayğı ilə yanaşılmışdır. Gəncləri müəllim olmağa həvəsləndirmək məqsədilə müəyyən dövlət siyasəti həyata keçirilmiş, yüksək bal toplamış və müəllimlik ixtisasını sevib, seçən gənclərə xüsusi təqaüdlər ayrılmışdır. Bu peşəni sevən, gənc nəslə örnək olmaq istəyən bir çox gənc, müəllim vəzifəsinə yiyələnmiş, yaşadığı yerdən uzaq olsa belə ölkənin hər bir tərəfinə getməyə daim hazır olmuşdur.
Ölkəmizdə böyümüş hər bir gənc vətənpərvərlik ruhunda yetişmiş, vətən qarşısındakı borcunu yerinə yetirmək üçün canından belə keçməyə hazır olmuşdur. Ölkəmiz daim qəhrəmanlar yurdu kimi tanınmışdır. Bu gənc qəhrəmanlara müəyyən sahələrdə öz xidmətləri ilə xüsusi olaraq seçilmiş Çingiz Mustafayevi, Salatın Əsgərovanı, Gültəkin Əsgərovanı və yüzlərlə başqa qəhrəmanlarımızı misal olaraq göstərə bilərik. 44 günlük Vətən müharibəsi bizə bir daha sübut etdi ki, ölkəmiz daimi olaraq bizim igid gənclərimiz tərəfindən layiqincə qorunur. Minlərlə gənc şəhidimiz bunu öz qanları ilə tarixə yazmağı və bütün dünyaya göstərməyi bacardılar. Müharibə dövründə gənclərimiz həmçinin, sosial şəbəkələrdə də çox fəal şəkildə informasiya müharibəsində iştirak etmiş və Azərbaycanın bu döyüşdən də qalib olaraq çıxmasına nail olmuşlar.
Gənclərin vətənpərvər ruhda formalaşması və sosiallaşması məqsədi ilə paytaxt Bakı ilə bərabər digər bölgələrin ərazisində də Gənclər Evi və Gənclər Mərkəzi yaradılməşdır. Gənclər evi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, mövcud potensiallarının üzə çıxarılmasını həyata keçirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmət Müəssisəsidir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Pikəxanım Vəliyeva