Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir

Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir

Gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən böyük qüvvədir. Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması çox önəmlidir. Hər bir xalqın gəncləri onun həm bu günü, həm də sabaha ümididir. Müstəqilliyin, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Ölkəmizdə gənclərlə bağlı görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Aparılan məqsədyönlü siyasətin nəticəsində respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla bir çox şəhərlərin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. 1970-1985-ci illərdə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500-ə çatdırıldı. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis kimi ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Gənclər keçmiş SSRİ-nin aparıcı təhsil müəssisələrində təhsil alırdılar. Onlar Azərbaycan Respublikasının daxil olacağı yeni dövrün problemlərini həll etməli idilər. Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev gənclərlə bağlı siyasətini davam etdirdi.
“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”,- deyən ulu öndər Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası GənclərininI Forumunda nitqində qeyd etmişdir ki: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.”
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.



Cavid Səmədli,
Salyan rayon gənci, YAP fəalı


Oxşar xəbərlər