Ulu Öndər özü canlı bir tarix idi. Ümummilli Lider Azərbaycanın ən kasıb, geridə qalmış bir dönəmində hakimiyyətə gələrək, bu ölkənin hər sahəsini sürətlə inkişaf etdirdi. Şübhəsiz ki, bu inkişafın hər birinin elmi əsası var. Həmçinin, Ulu Öndər Heydər Əliyevin gənclərlə iş siyasəti də elmi əsaslara söykənirdi.
Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Gənclərlə bağlı bu siyasət bu gün ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə Ulu Öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu.
Ümummilli Lider Heydər Əliyev Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşdə çıxışında demişdir: “Sağlam düşüncəli, sağlam fikirli gənclər öz yolundan sapmış gəncləri düz yola çəkməli, düz yola çağırmalı, ayrı-ayrı qanunsuz hərəkətlərdən uzaqlaşdırmalı və respublikada, o cümlədən Bakı şəhərində əmin-amanlıq yaranmasına çalışmalıdırlar”.
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görürlər. Nəticədə bu gün Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasında yaxından iştirak edir və dövlətimizin tərəqqisi naminə öz bacarıqlarını əsirgəmirlər.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin kitabxana müdiri Nübar Əliyeva