Cari il ölkəmizin həyatında bir çox önəmli hadisələrlə yadda qaldı.Bunlardan ən vacibi Azərbaycan xalqının uzun illərlə gözlədiyi dövlət suverenliyimizin bərpası idi. Azərbaycan dövlət suverenliyi sahəsində yarımçıq qalmış işini tamamladı. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.
2023-cü ildə istər iqtisadi sahədə, istərsə də ordu quruculuğu sahəsində Azərbaycan böyük nailiyyətlər əldə etmişdir.İqtisadi sahədə ölkəmiz artıq heç kimdən asılı deyil. İqtisadi sahədə uğurlarımız bizə imkan verdi ki, yeni silahlar, hərbi texnika alınsın, yeni silahlı birləşmələr yaradılsın. Bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər.
Qarşıdan gələn 2024-cü ildə Azərbaycan daha da inkişaf edəcək. Hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib.Bu hadisələr bütün Azərbaycanın uğurudur.
Əminəm ki, Ulu Öndər Heydər Əliyevin təsis etdiyi,dünya azərbaycanlıları ideoloji həmrəyliyə səsləyən bu bayramı dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycanlılar ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayır. Bu gün, eyni zamanda “Dəmir yumruq” birliyimizin rəmzidir. Bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəmki “ Dəmir yumruq” hər zaman yerində olacaq.
Sabunçu qəsəbəsi.155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova