Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində yurd-yuvalarından didərgin salınan, deportosiyalara məruz qalan, eləcə də iş üçün, təhsil almaq məqsədilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşan soydaşlarımız uzun illər Vətəndə yaşayan həmvətənləri ilə görüşmək, əlaqə yaratmaq imkanından məhrum olublar. Lakin, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Elə o vaxtdan bəri dünya azərbaycanlıları onlar üçün əziz olan 31 dekabrı “Həmrəylik günü” kimi qeyd edirlər.
“Hal-hazırda bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur”. Ümummilli Lider Heydər Əliyevin 24 dekabr 1998-ci ildə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” səsləndirdiyi bu fikirlər, xalqımızın birlik və ideoloji həmrəyliyinin daha da çiçəklənməsinə zəmin olmuşdur. Təsadüfi deyil ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız milli birlik nümayiş etdirərək, ikinci Qarabağ müharibəsindəki zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi kimi tarixi zəfərlərimizin qazanılması üçün , Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdilər. Bu gün,eyni zamanda “Dəmir yumruq” birliyimizin rəmzinə çevrilmişdir.
Prezident İlham Əliyev cənablarının: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” fikirləri bu birliyə verdiyi dəyərin, yüksək qiymətin bariz nümunəsidir.
Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Dünyanın 70-dən çox ölkəsində, o cümlədən, İranda 30-35 milyon azərbaycanlı var. Eləcə də Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərirlər. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının tərəqqisini, milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.
Zabrat qəsəbəsi, 71 №-li tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova