Milli maraqlara söykənən xarici kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır

Milli maraqlara söykənən xarici kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır “Azərbaycan Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edir və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır” – bu fikirləri Prezident İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında bildirmişdir.
Qeyd etmək lazımdır ki, ölkəmizin xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir.
Dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına hörmət etməklə tövsiyə olunur. Bundan başqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, böyüklüyündən asılı olmayaraq, bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək də bu beynəlxalq qurumun əsas məqsədləri sırasında yer alır.
“Qoşulmama Hərəkatı böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalətə və beynəlxalq öhdəliklərə hörmətlə yanaşmaq kimi prinsipləri özünün əsas meyarları hesab edir.
2011-ci ilin may ayında Qoşulmama Hərəkatına üzv seçildikdən sonra Azərbaycan təşkilatın işində daim fəal iştirak edir, məhz bu fəallığın nəticəsidir ki, Azərbaycan Respublikası 2019-cu il oktyabrın 25-26-da Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi edib. BMT-nin 120 üzv dövlətinin yüksək səviyyəli nümayəndələrinin, o cümlədən 42 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Hərəkata sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. 2021-ci ildə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə Qoşulmama Hərəkatının bu ilin iyulun 13-14-də xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Hərəkat üzvləri tərəfindən belə qərarın verilməsi təsadüfi deyil və bu, Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir”.

Beləliklə, deyə bilərik ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova



Oxşar xəbərlər