Məqsədi dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm, çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı. Beləliklə, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədri seçildi və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz fəaliyyətini tarixi “Bandunq prinsipləri” əsasında qurub. Ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qorumaq ölkəmizin xarici siyasətində əsas yer tutur.
Beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olduğu dövrdə, Qoşulmama Hərəkatı misli görünməmiş çağırışla pandemiya ilə mübarizədə qlobal səyləri birləşdirdi. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirdə 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Bəzi varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi” ciddi maneə kimi dəyərləndirildi. Nəticədə Qoşulmama hərəkatı bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsinin təşəbbüskarı oldu.
Azərbaycanın sədrliyinin növbəti nailiyyətlərindən biri də Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasıdır. Həmçinin, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Sammitdə qlobal əhəmiyyətə malik məsələlər müzakirə edildi və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlər bölüşdürüldü.
Azərbaycanın sədrliyinin prioritetlərindən biri də ehtiyacı olan ölkərə yardım göstərmək idi. Azərbaycan COVID-19 ilə bağlı əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Azərbaycan beş ölkənin də peyvəndlə təmin olunmasında iştirak edib.
Azərbaycan Afrika və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki qlobal çağırış etdi və ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolların məbləğində vəsait ayırdı.
Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. “Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.
Bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə söyləyib.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Aynurə Yusifli