Əminliklə qeyd etmək olar ki, Azərbaycanın hər bir addımı Qoşulmama Hərəkatının dünya siyasətində rolunun artmasında böyük əhəmiyyət kəsb edir

Əminliklə qeyd etmək olar ki, Azərbaycanın hər bir addımı Qoşulmama Hərəkatının dünya siyasətində rolunun artmasında böyük əhəmiyyət kəsb edir
Məlum olduğu kimi, Azərbaycanın “Qoşulmama Hərəkatı”-na sədrliyi qlobal təhlükəyə çevrilmiş COVİD-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etmişdir. Buna baxmayaraq Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Belə ki, 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq Azərbaycan həmçinin postpandemiya dövrü haqqında düşünməli oldu. Beləliklə, Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Sammitdə qlobal əhəmiyyətə malik məsələləri müzakirə edilmiş və pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə səmərəli fikir mübadiləsi aparlmışdır.
Prezident İlham Əliyevin nazirlər görüşündə çıxışı zamanı həmçinin bildirdi ki : “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik”. Bundan əlavə hərəkat çərçivəsində əməkdaşlıq və ünsiyyət üçün yeni platformaların yaradılması da Azərbaycan Respublikasının təşəbbüsləri əsasında baş tutub. Belə ki, 2022-ci ilin iyununda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, bir ay sonra isə Gənclər təşkilatı təsis edilib. Əminliklə qeyd etmək olar ki, Azərbaycanın hər bir addımı Qoşulmama Hərəkatının dünya siyasətində rolunun artmasında böyük əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatının ən təsirli və nüfuzlu ölkələrindən biri olduğunu bir daha sübut edir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər