2 mart 2023-cü ildə Bakıda Qoşulmama Hərakatının COVİD 19-a qarşı mübarizə üzrə Təmas qrupunun Zirvə görüşü keçirilib.
İlham Əliyev çıxışı zamanı qeyd edib ki, 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcək.
Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.
2022-ci il iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.
Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazılıb.
Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşəcək. Bununla yanaşı, üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis olunacaq. Təşkilata sədrlik qarşıdan gələn üç il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.
Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
Qoşulmama Hərəkatı 4 qitədən 120 ölkəni sıralarında birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Azərbaycanın Hərəkata sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə bu müddət daha bir il uzadılıb.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Ceyhun Sadizadə