İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi xətti xüsusi yer tutur. İndiyədək respublikamız Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər nüfuzlu təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub. Yüksək diplomatik məharətə malik olan Prezident İlham Əliyev bu platformaların tribunalarından ölkəmizin həqiqətlərini bütün dünyaya çatdırır, eyni zamanda, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsini hədəfləyən təşəbbüslər irəli sürür. Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır (QH).
Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuşdur. Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir. İndiyədək respublikamız QH-nin bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Zirvə görüşündən 30 il sonra Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edib. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.
Ölkəmizin QH-yə sədrliyi dövründə gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılmışdır. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilmişdir. Tədbirlər Hərəkatın tarixində ilk dəfə olaraq təşkil edilmiş və pandemiyadan irəli gələn məhdudiyyətlər səbəbindən virtual formatda baş tutmuşdur. Beynəlxalq səviyyədə təşkil olunmuş Simulyasiya Məşğələsində 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak etmişdir.
Azərbaycan, həmçinin Qoşulmama Hərəkatından ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması üçün səmərəli bir platform kimi istifadə edir. İndiyədək ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində daim dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmalarını göstərmək mümkündür. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmışdır. 2022-ci ildə də bənzər hadisə baş verdi.
Azərbaycanın ədalətli mövqeyinin QH ölkələri tərəfindən dəstəklənməsi onların bu məsələdə beynəlxalq hüquqa əsaslanmaları ilə yanaşı, eyni zamanda, etibarlı tərəfdaş olan və beynəlxalq aləmin məsuliyyətli və fəal üzvü olan Azərbaycanı dəstəkləmək istəyindən də qaynaqlanır.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.
Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.
Bakxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva